Azərbaycanda demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Ölkəmiz müstəqillik yolunda irəlilədikcə seçki praktikasını da inkişaf etdirmiş və bu sahədə dünya təcrübəsinə daha da yaxınlaşmışdır. Son illər keçirilən parlament, prezident və bələdiyyə seçkilərinin yekunları barədə beynəlxalq müşahidəçilərin, həmçinin, mötəbər qurumların nümayəndələrinin rəylərinə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanın seçki sistemi demokratikliyinə görə yüksək qiymətləndirilir. Noyabrın 30-da keçirilmiş təkrar bələdiyyə seçkiləri də bu kontekstdədir. Belə ki, seçkilərin qanunvericilikdə nəzərdə tutulmuş bütün maddələrin nəzərə alınması şərtilə həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmışdır.
Bu gün Azərbaycanda insanların iradəsinin azad ifadə edilməsi və seçki hüququnun tam demokratikləşdirilməsi üçün hər cür şərait yaradılıb. Bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılmış qanunvericilik aktlarının qəbul edilməsi, dövrün, zamanın inkişafına uyğun olaraq həmin sənədlərə əlavələr və dəyişikliklər edilməsi seçki təcrübəsini daha da zənginləşdirir, insanların seçmək və seçilmək hüququ istiqamətində qarşıya çıxan hər cür maneələri aradan qaldırır.
Seçki Məcəlləsinə 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun, 28 iyun və 23 dekabr, 2007-ci il 16 iyun və 2008-ci il 2 iyun tarixdə edilmiş əlavə və dəyişikliklərdə də əsas məqsəd seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə əlverişli şərait yaradılması olmuşdur. Digər məqsədlərdən biri də insanların seçmək və seçilmək hüququnu məhdudlaşdıran maddələrin aradan qaldırılmasıdır.
Bununla yanaşı, Prezident İlham Əliyevin də azad, ədalətli, şəffaf və demokratik seçki keçirilməsi istiqamətində yüksək siyasi iradə nümayiş etdirməsi, bu sahədə mühüm əhəmiyyətli fərmanlar imzalaması beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Siyasi ekspertlər bu sənədlərin Azərbaycanda seçki prosesinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün qanunvericilik bazasını daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etmişlər. Ümumiyyətlə, son illər Azərbaycanda keçirilən seçkilər öz demokratikliyinə və şəffaflığına görə beynəlxalq aləmin diqqət mərkəzində olmuş, bu sahədə qəbul olunmuş qanunvericilik aktlarının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət dəyərləndirilmişdir. Tanınmış ekspertlər belə tədbirləri demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi kimi qiymətləndirirlər.
Ötən seçkilərin və noyabrın 30-da keçirilmiş təkrar bələdiyyə seçkilərinin nəticələri beynəlxalq, eləcə də, yerli müşahidəçilərin rəyləri bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq standartlara uyğun seçki keçirməyə qadir dövlətdir. Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına əlavələr və dəyişikliklər olunması bu sahədə möhkəm hüquqi baza yaradılmasına xidmət edir. Siyasi ekspertlər və seçki ilə məşğul olan nüfuzlu qurumlar da Azərbaycanda keçirilən seçkilərin demokratik prinsiplərə uyğun gəldiyini, xalqın iradəsinin düzgün əks etdirildiyini və seçki praktikasının dünya təcrübəsinə daha da yaxınlaşdığını müsbət dəyərləndirirlər.
R.RƏSULOV