Dünən YAP Ağstafa rayon təşkilatı gənclər birliyinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş " Ölməz və əbədi Lider " mövzusunda dəyirmi masa keçirilib.
YAP Ağstafa rayon təşkilatının qərargahında keçirilən dəyirmi masanın iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Ağstafa rayon təşkilatı gənclər birliyinin sədri Anar Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur: "Ulu Öndərimizin xalqın təkidli tələblərinə cavab olaraq yenidən hakimiyyətə gəlməsi ölkəmizi həm daxili, həm də xarici dağıdıcı qüvvələrin məkrli planlarını alt-üst etdi. Bu günün inkişaf edən, regionda lider dövlətə çevrilən Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı şah əsərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda Onun müdrik siyasətini məqsədyönlü şəkildə davam etdirir, ölkəmizin, xalqımızın rifahı naminə yorulmadan çalışır. Biz də Azərbaycan gəncləri olaraq möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, ölkəmizin inkişafı və tərəqqisi naminə əlimizdən gələni əsirgəməyəcəyik". Daha sonra çıxış edən gənclər və idman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Laiq Qələndərov, gənclər və idman idarəsinin rəis müavini Kamilə Zamanova və başqaları mövzu ətrafında çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində özünün idarəçilik prinsiplərinə sadiq qalaraq fəaliyyətini bütünlüklə xalqa və dövlətə xidmət amalı üzərində qurduğundan, milli xilaskar və qurucu rəhbər kimi Ümummilli Liderlik zirvəsinə yüksəlməsindən danışıblar.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Ölməz və əbədi Lider" mövzusuna həsr olunmuş dəyirmi masa qarşılıqlı diskussiyalarla öz işini yekunlaşdırmışdır.
RÖVŞƏN