PDF Oxu

Sosial

  • 11

Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq

Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq

Dünən Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb. Bu münasibətlə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra mərkəzdə davam etdirilən tədbirdə çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyevin ilk dəfə ölkə rəhbərliyinə gəlməsindən söz açıb. O, söyləyib ki, keçmiş sovet dövrünün məhdud imkanlarından maksimum istifadə edərək, Azərbaycanda milli şüurun dirçəldilməsi, milli ruhlu ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin artırılması, güclü sənaye və kənd təsərrüfatının təşkili Azərbaycanda həyata keçirilən geniş quruculuq-abadlıq işləri üçün tarixi hazırlıq mərhələsi hesab olunur: "Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində də özünün idarəçilik prinsiplərinə sadiq qalaraq fəaliyyətini bütünlüklə xalqa, dövlətə xidmət amalı üzərində qurub, milli xilaskar və qurucu rəhbər kimi Ümummilli Lider zirvəsinə yüksəlib. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq Onun yüksək liderlik əzmini bir daha nümayiş etdirib".

Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək dahi şəxsiyyətin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. O, vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb".Tədbir iştirakçıları ilə fikirlərini bölüşən digər çıxışçılar isə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, Azərbaycan xalqı və dövləti qarşısındakı böyük xidmətlərindən danışıblar. Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətlərini bir daha diqqətə çatdırıblar. Qeyd olunub ki, Heydər Əliyev bütün həyatını Azərbaycana və türk dünyasına bəxş edib, Azərbaycanın xoşbəxt gələcəyi naminə ömrünü xalqına bağışlayıb, hələ sağlığında özünə əbədi məşəl yandırıb. Azərbaycan və Heydər Əliyev - bir-birindən ayrılmaz hesab olunan bu iki qüvvə bu gün bütün azərbaycanlıların rəmzinə çevrilib. Dahi Öndər Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.

RƏFİQƏ

Digər xəbərlər