PDF Oxu

Sosial

  • 20

“Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir”

“Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir”

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının VII konfransı keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hesabat yığıncağında YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev, millət vəkili Sabir Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və rayon təşkilatının fəalları iştirak ediblər.

Konfrans iştirakçıları və qonaqlar öncə müasir Azərbaycan dövlətinin banisi və memarı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə tər çiçəklər düzüblər.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransa qatılıblar. Hesabat məruzəsi ilə YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov çıxış edərək rayon təşkilatında 7012 nəfər partiya üzvünün birləşdiyini vurğulayıb. Partiyanın rayon təşkilatında 88 ilk ərazi təşkilatının olduğunu deyən R.İbrahimov konfransa 350 nəfər nümayəndənin seçildiyini qeyd edib. YAP rayon təşkilatının sədri üzvlərdən 2215 nəfərin gənclər, 4257 nəfərin isə qadınlar təşkil etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda millət vəkilləri Şəmsəddin Hacıyev, Sabir Hacıyev, Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov konfransda çıxış edərək ümidvar olduğunu bildirib ki, konfrans öz işini uğurla davam etdirəcək, nümayəndələr partiyanın gələcək fəaliyyətini təmin edəcək yeni heyət seçəcəklər.

"Göyçay rayon təşkilatı öz ətrafında rayonun 7012 nəfər qabaqcıl fəal üzvünü cəmləyərək siyasi fəaliyyətini müəyyən edib. Təşkilatın bu günə qədər gördüyü işləri məqbul, qənaətbəxş hesab etmək olar. İqtidarda olan YAP ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyasını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır. Əldə olunan böyük uğurlar, nailiyyətlər YAP-ın hər bir üzvünün qələbəsi, sevincidir. Bundan sonrada ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq. Hər bir YAP üzvi Azərbaycan dövlətinin qüdrətlənməsində, irəliyə inamla addımlamasında məsuliyyətini hiss etməli və əməli fəaliyyəti ilə öz töhfəsini verməlidir. Azərbaycan cəmiyyətində ictimai fəallığımızı artırmaqla, dövlətçiliyə sədaqətli olmağımızla ətrafda olanlara nümunə olmalıyıq", - deyə İcra katibi bildirib.

Konfransda çıxışlar dinlənildikdən sonra rayon təşkilıatının yeni tərkibli 47 nəfərdən ibarət Siyasi Şurası, 17 nəfərdən ibarət İdarə Heyəti seçilib. Ramiz İbrahimov yenidən YAP Göyçay rayon təşkilatının sədri seçilib.

İqbal MİKAYILOV

Digər xəbərlər