Dünən YAP Astara rayon təşkilatının və Astara rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin vəfatının 8-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirildi.
10 mindən çox rayon sakini rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılmış meydana toplaşaraq, abidəni ziyarət etdi, önünə əklillər, tər gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bir daha nümayiş etdirdilər. Astara rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il müddətində gördüyü işlərdən, respublikada müxtəlif xalqlar arasında qurmuş olduğu dostluq və qardaşlıq münasibətlərindən danışdı. İcra hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın ən böyük müstəqillik arzusunu həyata keçirdiyini vurğuladı: "1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi və Azərbaycan dövlətinin 10 il müddətində Prezidenti olması, xalqı ağır bəlalardan xilas edərək, çox güclü və müstəqil dövlət qurması prosesi hamının yadındadır. Onun bütün həyatı Azərbaycana həsr olunub. Ulu Öndərimiz müstəqilliyimizin həm iqtisadi, həm siyasi, həm də ideoloji əsasını hələ ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə qoymuşdur. Azərbaycanda milli şüurun oyanması, milli özünüdərkin inkişafı üçün o zaman O, çox böyük işlər görmüşdür. Ulu Öndərin qurub-yaratdığı müstəqil Azərbaycanı bu gün bütün dünya dövlətləri qəbul edir. Bu gün Onun gördüyü işləri davam etdirən ölkə Prezidenti İlham Əliyev cənabları müstəqil Azərbaycanı çiçəklənən və inkişaf edən dövlətə çevirmişdir".
Sonra mərasimdə iştirak edənlər Heydər Əliyev Mərkəzində oldular, Ümummilli Liderin şanlı həyat yolunu, siyasi və dövlət xadimi kimi müdrik fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxdılar, Astara rayonuna səfərindən bəhs edən videofilmə tamaşa etdilər. Rayon ağsaqqallarından Allahverən Həmidov, Qürbət İbrahimov, Nəsrəddin Teymurov, təhsil işçisi Laləzar Qurbanova, gənclərdən Rəsul Nəsirov və başqaları bildirdilər ki, Ulu Öndərin dünyasını dəyişməsi təkcə xalqımız üçün deyil, bəşəriyyət üçün ağır itkidir. O, cismən bizdən ayrılsa da parlaq ideyaları, müdrik əməlləri yaşayır, xatirəsi əbədi olaraq bizimlədir. Çıxış edənlər onu da bildirdilər ki, Azərbaycanın bugünkü bütün nailiyyətləri məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
R.HÜSEYNOVA