PDF Oxu

Sosial

  • 26

Müstəqil və müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə irəliləyir

Müstəqil və müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə irəliləyir

Dünən Biləsuvar rayon icra hakimiyyəti və YAP Biləsuvar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilibdir. Tədbir iştirakçıları və rayon ictimaiyyəti öncə Ulu Öndər Heydər Əliyevin Biləsuvar rayonunun mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət etmiş, önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.

Daha sonra anım mərasimi Biləsuvar rayon icra hakimiyyətinin akt zalında davam etdirilibdir. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev tədbiri açaraq, "Heydər Əliyev Azərbaycanın ən yeni tarixidir" mövzusunda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində, Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasındakı və inkişafındakı rolundan danışıb. M.Quliyev onu da vurğulayıb ki, xalqımız böyük tarixi şəxsiyyət, dünya miqyaslı siyasət və dövlət xadimi, müstəqil dövlətimizin yaradıcısı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin əziz və müqəddəs xatirəsini yad edir: "Tam əsasla deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın yaxın tarixi keçmişinə böyük xilaskar və qurucu kimi daxil olmuşdur. Bu gün biz Ulu Öndərimizin anım mərasimində qeyri-ixtiyari olaraq bir daha Onun haqq dünyasına qovuşduğu günə qayıtmalı oluruq. 2003-cü il dekabr ayının 12-si, sözün həqiqi mənasında, xalqımız, millətimiz üçün çox ağır və kədərli bir gündür. Çünki xalqımız həmin gün öz böyük oğlunu, millətsevər rəhbərini itirmişdi. Qədirbilən xalqımız böyük kədər və sıxıntı içində öz lideri ilə vidalaşırdı. Hamı bir nəfər kimi, Ulu Öndərə öz mənəvi borcunu vermək üçün Fəxri Xiyabana üz tutmuşdu, Ona olan ümumxalq sevgisi, ümumxalq məhəbbəti özünü hər yerdə göstərirdi. Ulu Öndərimizin vəfatı yalnız respublikamızda deyil, həm də bütün dünyada böyük əks-səda doğurmuşdu. Dünyanın tanınmış siyasət və dövlət xadimləri Ulu Öndərlə vidalaşmaq üçün Bakıya gəlmişdilər. Ümummilli Liderimizin vəfatı münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ünvanlanan məktub və teleqramların sayı-hesabı yox idi".

Tədbirdə rayon icra hakimiyyətinin ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiri, YAP Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvü Xanlar Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin güclənməsinə və inkişafına nail olunduğunu söylədi: "Ulu Öndərin xalqımız qarşısında göstərdiyi ən böyük tarixi xidmətlərdən biri də Onun müstəqil Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin etməsidir. Hər bir zaman ən yüksək və ən mötəbər kürsülərdə belə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" deyən Ümummilli Liderimiz Heydər Əliyev, ən Böyük Azərbaycanlı idi. Ümummilli Liderimiz Azərbaycanın müstəqil bir dövlət kimi əbədi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı. Cənab Prezidentimiz İlham Əliyev də Ulu Öndərimizin xalqımız və dövlətimizlə bağlı ideyalarına sadiqlik nümayiş etdirərək, müstəqil dövlətimizi daha da gücləndirdi, daha da inkişaf etdirdi. Xalqımızın rifah halının yüksəlməsi üçün məqsədyönlü fəaliyyət proqramı həyata keçirdi və bu gün də həmin proqramı çox uğurla həyata keçirməkdə davam edir".

Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkimi Şamil Cəfərov, Arazbarı kənd ümumi məktəbinin direktor müavini İlkin Rüstəmov və rayon Peşə Liseyinin direktoru Teymur Poladov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar. Çıxış edənlər vurğuladılar ki, neçə yüz il keçsə də, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız naminə gördüyü işlər unudulmayacaq, daim qürur hissi ilə xatırlanacaq və yaddaşlara həkk olunacaqdır.


R.KAMALQIZI

Digər xəbərlər