Dekabrın 10-da YAP Yevlax rayon təşkilatının VII konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Ulu Öndərin adını daşıyan sarayda öz işinə başlayıb. İlk öncə konfrans iştirakçıları YAP Yevlax rayon təşkilatının fəaliyyətini əks etdirən vidiorolikə tamaşa ediblər. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsini yad ediblər. Dövlət himni səsləndikdən sonra YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Natiq rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək qarşıda duran vəzifələrə toxunub. Natiq bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənələrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır.
İ.Məmmədov onu da bildirib ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib. Qüdrətli siyasi qüvvəyə çevrilən YAP-nın sıralarının gündən-günə artdığını deyən rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin səbəbi yaradıcısı və ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Liderimiz Heydər Əliyev olub. Eyni zamanda, bu siyasi təşkilata Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsidir.
YAP Yevlax rayon təşkilatının sədri hesabat dövründə partiya üzvlərinin sayının artdığını vurğulayıb. Onun sözlərinə görə rayon təşkilatı özündə 58 məhəlli və 28 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 5387 nəfərdən 7140 nəfərə çatmış 9 yeni məhəlli və ərazi ilk partiya təşkilatları yaradılmışdır. Bunlardan 3729 nəfərini qadınlar, 2011 nəfərini gənclər təşkil edir.
Sonra nəzarət-təftiş qrupunun hesabat məruzəsi dinlənildi. Hesabat məruzələri ətrafında YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli siyasi təşkilat olduğunu və öz sıralarında Azərbaycan cəmiyyətinin ən avanqard qüvvələrini birləşdirdiyini söylədilər. Çıxış edənlər YAP Yevlax rayon təşkilatının ötən konfransdan indiyədək olan dövrdəki fəaliyyətini qənaətbəxş hesab etdilər.
Konfransda təşkilati məsələyə baxılaraq 47 nəfərdən ibarət yeni şura üzvü, 17 nəfərdən ibarət idarə heyəti, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. İlham Məmmədov yenidən səs çoxluğu ilə YAP Yevlax rayon təşkilatının sədri seçildi.
Sonda YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, millət vəkili Əli Hüseynli çıxış edərək, Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdiyini, siyasi mübarizənin sivil normalarını ortaya qoyaraq, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdiyini söyləyiblər: "Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ümumxalq partiyasına çevrilib. YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. YAP, həmçinin, dünyanın aparıcı dövlətlərinin hakim partiyaları ilə konstruktiv münasibətlər qurub". Millət vəkilləri, həmçinin, YAP Yevlax rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab edərək, təşkilata uğurlar arzulayıblar. Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.
A.Səmədova