PDF Oxu

Sosial

  • 24

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının VIII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının VIII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının VIII konfransı keçirilmişdir. Konfransda ilk partiya təşkilatlarında keçirilmiş hesabat-seçki yığıncaqlarında 4304 partiya üzvündən seçilmiş 338 nümayəndə, habelə ictimai təşkilatların, siyasi partiyaların təmsilçiləri, ağsaqqallar və veteranlar iştirak etmişlər.

Əvvəlcə iştirakçılar şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər. Ağsunun Mədəniyyət sarayında davam edən tədbirdə hakim partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda YAP rayon təşkilatının sədri Əli Hüseynovun hesabat məruzəsi dinlənilmişdir. YAP-ın yaradılmasının tarixi bir zərurət olduğunu vurğulayan məruzəçi demişdir ki, ümummilli lider Heydər Əliyevin yaratmış olduğu partiyanın ən böyük xidmətlərindən biri siyasi varislik yolunu daşıya biləcək lideri, hazırda partiyanın sədri, Prezident İlham Əliyev kimi dövlət xadiminin yetişdirilməsindədir. Məruzəçi 1993-cü il noyabrın 19-da təsis edilən YAP rayon təşkilatının hesabat dövründəki fəaliyyətini təhlil edərək bildirmişdir ki, hazırda öz sıralarında 4304 üzvü birləşdirən 90 ərazi ilk təşkilatı fəaliyyət göstərir. Ötən konfransdan sonra daha iki ərazi ilk təşkilatı yaradılmış, partiyaya 1387 üzv qəbul edilmişdir. Hazırda rayon təşkilatı 29 üzvdən ibarət şura, 13 nəfərdən ibarət idarə heyəti, sədr və onun müavinləri, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu, hər biri 7 nəfərdən ibarət qadınlar şurası və gənclər birliyinin idarə heyəti ilə təmsil olunur. Təşkilatın qadınlar şurası öz ətrafında partiya üzvlərinin 39 faizini və ya 1676 nəfəri birləşdirir. 1183 partiya üzvünü birləşdirən gənclər birliyi də təşkilatın fəaliyyətində fəal iştirak edir. Birliyin üzvləri elm, mədəniyyət, təhsil, azad sahibkarlıq, idman sahələrində uğurlar qazanırlar.

YAP-ın apardığı təbliğat və maarifçilik işini daha da genişləndirmək məqsədilə rayon təşkilatında ideoloji mərkəz yaradılmış və onun nəzdində hazırda "Heydər Əliyev" məktəbi fəaliyyət göstərir. Burada ümummilli liderimizin irsinin, həyat və fəaliyyətinin öyrənilməsi üçün mütəmadi məşğələlər, "dəyirmi masa"lar təşkil olunur.

Konfransda YAP rayon təşkilatının rayonun ictimai-mədəni, sosial-iqtisadi həyatında fəaliyyətindən ətraflı danışılmışdır.

Partiyanın sədri, Prezident İlham Əliyevin ötən konfransdan bəri rayonda iki dəfə olduğunu, hər iki səfərin sevincinin bu gün də yaşandığını diqqətə çatdıran məruzəçi bunu dövlətimizin başçısının regionlara, o cümlədən Ağsu bölgəsinə diqqət və qayğısının parlaq təcəssümü olduğunu demişdir. Dövlətimizin başçısının Ağsuya təkcə son səfəri zamanı rayonda Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən olan "Az Qranata" MMC-nin şirə və şərab emalı, sutkada 5 ton çörək və çörək məmulatları hazırlayan zavodlarının, 3 min yerlik stadionun, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin və digər obyektlərin açılışınınn respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın məntiqi nəticəsi kimi dəyərləndirilmişdir.

Konfransda YAP rayon təşkilatının nəzarət-təftiş qrupunun hesabatı da dinlənilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatları Mübariz Qurbanlı və Ərəstun Cavadov çıxış etmişlər. Sonda təşkilat məsələlərinə baxılmış, YAP rayon təşkilatının şurası və sədri seçilmişdir. Əli Hüseynov yenidən təşkilatın sədri seçilmişdir. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Zümrüd

Digər xəbərlər