PDF Oxu

Sosial

  • 31

Yeni Azərbaycan Partiyası regionda ən monolit və mütərəqqi partiyadır

Yeni Azərbaycan Partiyası regionda ən monolit və mütərəqqi partiyadır

Dünən YAP Astara rayon təşkilatının VIII konfransı keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər.

Dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Balaca Heydərçilərin tədbir iştirakçılarına təbriki təqdim olunduqdan sonra gündəliyə uyğun olaraq YAP Astara rayon təşkilatının sədri Natiq İbadov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışdı. Bildirdi ki, bu gün monolit birliyi, sosial bazası və yüksək intellekti ilə ölkəmizin aparıcı siyasi qüvvəsi olan, milli dövlətçiliyimizin qurulmasında, müstəqil respublikamızın inkişafında müstəsna xidmətləri ilə seçilən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının VIII konfransına toplaşmışıq: "Tarixi zərurətdən yaranan YAP ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Astara rayon təşkilatının VIII konfransı keçirildiyi dövrə görə müstəqil dövlətimizin və xalqımızın həyatında əlamətdar tarixi günlərə, ölkədə və rayonumuzda möhtəşəm layihələrin müvəffəqiyyətlə həyata keçirildiyi bir dövrə təsadüf edir. Bu gün ölkəmiz və onun gözəl guşələrindən birinə çevrilən Astaramız gündən-günə dəyişir, inkişaf edir və çiçəklənir. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin böyük adı cəmiyyətimizin, ictimai-siyasi, sosial-iqtisadi, mənəvi, bütövlükdə, bütün həyatımızın elə sahəsi yoxdur ki, oraya qızıl hərflərlə yazılmasın. Biz bu gün qazandığımız böyük nailiyyətlərə, əmin-amanlığa və xoş günlərimizə görə Ulu Öndərin ruhu qarşısında baş əyir, ehtiramımızı bildiririk".

Sonra nəzarət-təftiş qrupunun sədri Səfərəli Məmmədovun məruzəsi dinlənildi. Məruzələr ətrafında rayon təşkilatının ağsaqqallar şurasının sədri, respublikanın əməkdar kənd təsərrüfatı işçisi Həsən İbrahimov, rayon təşkilatının qadınlar şurasının sədri Bəsti Əliyeva, rayon təşkilatının gənclər birliyinin sədri Rəsul Nəsirov, Hamoşam ərazi ilk partiya təşkilatının sədri Səlahəddin Əliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli siyasi təşkilat olduğunu və öz sıralarında Azərbaycan cəmiyyətinin ən avanqard qüvvələrini birləşdirdiyini söylədilər. Çıxış edənlər YAP Astara rayon təşkilatının ötən konfransdan indiyədək olan dövrdəki fəaliyyətini qənaətbəxş hesab etdilər.

Sonra tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən geniş bəhs etdi. Vurğulandı ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması da bu xidmətlərin əsas tərkib hissələrindəndir. Partiyanın yarandığı dövrə nəzər salsaq, onun nə qədər əhəmiyyətli bir hadisə olduğunu aydın görərik. K.Kərimov ölkəmizin Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur. YAP nəinki Azərbaycanın, bölgənin ən güclü siyasi qüvvəsidir. Natiq onu da bildirdi ki, bu islahatların yerlərdə uğurla həyata keçirilməsində YAP üzvləri də xüsusi fəallıq göstərirlər.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu gün sıralarında yarım milyondan artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, nəinki ölkənin, bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir: "Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu günlərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin xarici siyasətinin, diplomatiyasının təntənəsi olmaqla yanaşı, müstəqillik tarixində iqtisadi, siyasi və demokratik islahatlar sahəsində qazandığı uğurların təsdiqidir. Azərbaycan beynəlxalq aləmdə sabit, iqtisadiyyatı sürətlə inkişaf edən və demokratik ölkə kimi tanınır. Bu uğurlar ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına da öz müsbət təsirini göstərir".

V.Rəhimzadə YAP Astara rayon təşkilatının ölkənini ictimai-siyasi, mədəni həyatında yüksək fəallıq nümayiş etdirdiyini bildirərək, ötən konfransdan keçən dövr ərzində görülən işləri yüksək dəyərləndirdi.

Konfransın işində çıxış edən YAP Astara rayon təşkilatının idarə heyətinin üzvü, Astara rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarında geniş bəhs etdi. Bildirdi ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Konfransda təşkilati məsələyə baxılaraq 61 nəfərdən ibarət yeni şura üzvü, 25 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Natiq İbadov yenidən səs çoxluğu ilə YAP Astara rayon təşkilatının sədri seçildi.

Sonda YAP Astara rayon təşkilatının VIII konfransının iştirakçıları adından ölkə Prezidenti, YAP Sədri İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər