Dünən Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının VII konfransı keçirildi. Konfrans iştirakçıları və qonaqlar konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri və əklil qoydular.
Sonra konfrans öz işini davam etdirdi. YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov konfransa ilk təşkilatların hesabat-seçki yığıncaqlarında 204 nəfər nümayəndə seçildiyini, onlardan 197 nəfərin iştirak etdiyini bildirdi.
Konfransın işində partiyanın səlahiyyətli nümayəndələri - YAP İdarə Heyətinin üzvü, İcra katibinin müşaviri Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Mərkəzi aparatının bölgə üzrə təlimatçısı Mirkamal Seyidov iştirak ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişmiş partiya üzvlərinin və torpaqlarımız uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, bunun ardınca isə Dövlət Himni səsləndirildi.
Hesabat məruzəsi ilə çıxış edən YAP Lerik rayon təşkilatının sədri E.Qəmbərov konfrans iştirakçılarını Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunmasının 20-ci, Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü münasibəti ilə təbrik etdi. Sonra E.Qəmbərov çıxışına Ümummilli Lider, müstəqil Azərbaycan Respublikasının banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin bir tarixi kəlamını xatırlatmaqla davam etdi: "Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması siyasi zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".
E.Qəmbərov YAP-ın cəmiyyətdəki rolundan danışarkən, vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq aləmdə nəhəng siyasi təşkilat kimi tanınır, qəbul edilir. Onun sözlərinə görə, YAP Lerik rayon təşkilatı keçən dövr ərzində işini partiya Sədrinin son qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuş, hesabat dövründə rayon təşkilatının sıraları daha da möhkəmləndirilmiş, gənclərin partiyaya qəbuluna diqqət artırılmıdır: "Rayon icra hakimiyyəti və YAP rayon təşkilatı işlərini birgə qurmuşdur. Belə ki, rayon rəhbərliyinin təşkilata göstərdiyi diqqət və qayğı nəticəsində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı yeni binaya köçürülmüş, fəaliyyətimiz üçün hərtərəfli şərait yaradılmışdır. İşçilərin ayrılıqda normal otaq şəraitləri vardır. Təşkilat lazımi avadanlıq və nəqliyyatla təmin olunmuşdur".
E.Qəmbərov hesabat dövründə ilk təşkilatların sayı 49-dan 58-ə çatdığını bildirərək, 2011-ci ilin 10 ayı ərzində 206 nəfərin partiya sıralarına qəbul edildiyini qeyd edib: " Hazırda YAP rayon təşkilatının 58 ilk təşkilatında 3191 nəfər partiya üzvünü özündə birləşdirir. Hesabat dövründə partiya sıralarına 970 nəfər qəbul olunmuşdur ki, bunların da 39 faizini gənclər təşkil edir. Bildirməliyəm ki, partiya sıralarına qəbul olunmuşlara vəsiqələrin verilməsi, bir qayda olaraq, "Heydər Əliyev Mərkəzi"ndə və ya tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında yadda qalan iz buraxır. Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına qəbuluna xüsusi diqqət yetirilmişdir. Konfranslararası müddətdə qəbul olunanların 20 faizini qadınlar təşkil edir. Qadınların rayonun ictimai-siyasi həyatındakı fəaliyyəti, onların vəzifələrə irəli çəkilməsində dönüş yaradılmışdır".
Çıxışda, xüsusilə, vurğulanmışdır ki, 2011-ci ilin avqustunda YAP Gənclər Birliyinin Lerik rayonunda keçirilmiş "Yay məktəbi" işini uğurla başa çatdırmışdır. "Relax" turizm istirahət mərkəzində istirahət edən 200 nəfərdən artıq gənclər viktorinalar, idman yarışları, gəzinti və digər tədbirlər keçirilmişdir.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar dinlənildi. YAP Lerik rayon qadınlar şurasının sədri Arzu Vəliməmmədova, YAP Lerik rayon idarə heyətinin üzvü, əməkdar müəllim Gültəkin Şıxəliyeva, YAP Lerik rayon gənclər birliyinin sədri Zamiq Əhədov, Çayyurd ərazi icra nümayəndəsi Xanlar Həmid çıxış edərək, qeyd etdilər ki, onlar bundan sonra da ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşərək, ölkənin inkişafında və tərəqqisində yaxından iştirak edəcəklər.
Daha sonra çıxış edənlər, YAP İdarə Heyətinin üzvü, İcra katibinin müşaviri Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, Milli Məclisin deputatı İqbal Məmmədov öz nitqlərində bildirdilər ki, bugünkü Azərbaycanın inkişafı məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, qətiyyətin nəticəsində əldə olunmuşdur. Və həmin müdrik siyasəti bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir.
Konfransda rayon icra hakimiyyəti başçısı R.Bağırov geniş məruzə etdi. Sonra təşkilati məsələlərə baxıldı. Rayon təşkilatının şura və nəzarət-təftiş qrupu üzvləri seçildi. Elxan Qəmbərov yenidən yekdilliklə YAP Lerik rayon təşkilatının sədri seçildi. Konfransda YAP sıralarına yeni qəbul olmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim olundu. Sonda konfransın iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edildi.
RÖVŞƏN NURƏDDİNOĞLU