Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Piter Semnebi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı KİV-lərin səyləri artırılmalıdır. Məsələyə münasibət bildirən qəzet baş redaktorları qeyd etdilər ki, P.Semnebinin bu cür bəyanatı arzuolunmazdır. KİV nümayəndələri onu da bildirdilər ki, Azərbaycan mətbuatı Dağlıq Qarabağ problemini hər zaman diqqətdə saxlayır.
Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi olan Piter Semnebinin səsləndirdiyi fikirlərdə məqsədi kütləvi informasiya vasitələrinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətlərinin gücləndirilməsi ilə əlaqəli deyil. Burada P.Semnebi bu kimi fikirləri ona görə səsləndirir ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən ermənilərlə münasibətlərin normal müstəviyə düşməsi üçün KİV-lərdə müharibə çağırışları olması və qarşılıqlı inam və etimadın yaradılması üçün müəyyən cəhdlər göstərilsin. Bir sözlə, hesab edirəm ki, Azərbaycanda özünə, peşəsinə və millətinə hörmət duyan elə bir jurnalist tapılmaz ki, P.Semnebinin bu prinsiplərini qəbul etsin.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Piter Semnebi dəfələrlə Cənubi Qafqazda olub. Demək olar ki, P.Semnebi hər zaman səfərləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox nikbin proqnozlar verirdi. Burada isə biz mətbuat olaraq, P.Semnebinin diplomatik danışıqlarda iştirak edən bir şəxs kimi dediyi fikirlərə inanaraq, onu mətbuatda işıqlandırırdıq. Ancaq belə bir missiyası olan şəxsin "Dağlıq Qarabağ münaqişəsində KİV-lərin rolu böyükdür" deməsi fikri başa düşülmür. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəzetlərin informasiya verməkdən başqa hər hansı bir funksiyası yoxdur. Əksinə, diplomatların, yəni sözügedən problemlə əlaqədar olan şəxslərin imkanları daha genişdir, nəinki qəzetlərin.
Aydın Quliyev,
"Bakı-Xəbər" qəzetinin baş redaktoru:
- Piter Semnebinin mövqeyi məndə çox böyük bir təəssüf hissi doğurur. Çünki P.Semnebinin bu mövqeyi Dağlıq Qarabağ probleminin həll olunması sahəsində beynəlxalq təşkilatların indiyə qədər apardığı işin nəticəsizliyini ört-basdır etmək və bunun məsuliyyətini müəyyən qədər mətbuatın üzərinə atmaqla vəziyyətdən çıxmaq cəhdidir. Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiyə qədər beynəlxalq sülh və təhlükəsizlik maraqlarını əsas götürməklə lazımi qədər işlər görüb. Demək olar ki, ölkə mətbuatı sözügedən problemin sülh və dinc yolla həll olunması üçün lazım olan bütün tezisləri ictimai rəydə aşılamaq, o cümlədən, ictimai rəy üçün bir çox işlər görüb.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun, ictimai təşkilatların və xalq diplomatiyasının görə bilmədiyi işi indi Avropa Birliyi çalışır ki, kütləvi informasiya vasitələrinin üzərinə qoysun. Yəni onlar bununla da işlərini bitmiş hesab etsinlər. Bir sözlə, P.Semnebinin söylədiyi fikir çox yanlış bir fikirdir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını Azərbaycan dövləti həll etməli və KİV-lər isə ona dəstək verməlidir. Demək olar ki, hər zaman ölkə mətbuatı Dağlıq Qarabağ problemini işıqlandıraraq diqqət mərkəzində saxlayır.
GÜLYANƏ AĞAKƏRİMOVA