"Təəkmilləşmə və modernləşmə sahəsində Azərbaycanda əhəmiyyətli işlər görülür". Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
YAP-ın İcra katibi bildirib ki, Azərbaycandakı inkişafın kökündə dayanan ən əhəmiyyətli amillərdən biri modernləşmə siyasətidir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi modernləşmə siyasəti öz bəhrəsini verməkdədir: "Biz modernləşməyə bundan sonrakı inkişafımızın əsas fundamental əsaslarından biri olaraq yanaşırıq. Hesab edirik ki, bu istiqamətdə Azərbaycan daha da irəliyə gedəcək. Bu da bütün Azərbayanın daha da güclənməsinə, bütün sahələrdə qüdrətinin daha da artmasına gətirib çıxaracaq".
Ə.Əhmədov onu da deyib ki, Yeni Azərbaycan Partiyasının bir sıra ölkələrin partiyaları ilə geniş əlaqələri var və onlarla mühüm əməkdaşlıq əlaqələri qurulub.
"Bu əməkdaşlıq əlaqələrinin mövcud olması konfransın bu cür əzəmətli keçməsinə təkan verib. Belə tədbirlərin keçirilməsi bütövlükdə Azərbaycanın təşviq edilməsi, tanıdılması, ölkədəki inkişafın bir daha başqa ölkələrdə yaşayanlara nümayiş etdirilməsi imkanını yaradır. Bu çox əhəmiyyətli bir tədbirdir və bunun əhəmiyyətli olmasına bir çox səbəblər var. Tədbirdə səsləndirilən fikirlər həm qlobal miqyasda, həm yaşadığımız region, həm də Azərbaycanın özündə bundan sonrakı inkişafın dəyərləndirilməsi və inkişafına dəstək verilməsi üçün xüsusi əhəmiyyətə malikdir", - deyə İcra katibi əlavə edib.