Məlum olduğu kimi, İran İslam Respublikasının prezidenti Əhmədinejad Ermənistana səfər edir. Təbii ki, müsəlman bir dövlətin başçısının əli yüzlərlə şiə müsəlmanının qanına batan Serj Sarksiyanla görüşməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev qeyd etdi ki, İran İslam Respublikasının prezidentinin Yerevana edəcəyi səfər öncəsi Urmiyanın deputatı bəyan edib ki, Azərbaycan ərazisi İran ərazisidir və bu məsələ İran parlamentində müzakirə olunmalıdır.
Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. İİR Ermənistana dəstək verib. Yəni fars rejimi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb. "İran İslam Respublikası (İİR) bir şeyi dərk etmir ki, Ermənistan heç zaman ona partnyor ola bilməz. Çünki Ermənistan dövlət kimi bir dövlət deyil. İkincisi isə, işğalçı ölkə istənilən vaxt İranı satacaq. Başa düşülən deyil ki, İİR Ermənistanın nəyinə aşiq olub? Rəsmi Tehran Azərbaycanı ABŞ və İsraillə iş birliyində ittiham edir. Ancaq Birləşmiş Ştatların regionda bir nömrəli satqın dövləti İrandır. Belə bir şəraitdə İİR-in yürütdüyü siyasətin əsası yoxdur, yəni rəsmi Tehranın yürütdüyü siyasət əsassız və uğursuz siyasətdir. Təbii ki, Azərbaycan rəhbərliyi İranla bağlı siyasətdə ehtiyatlı mövqe tutur. Bir müddət öncə, Azərbaycan rəsmilərinin Tehrana etdiyi səfər və orada aparılan danışıqlar, bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti İranla münasibətlərin gərginləşməsində maraqlı deyil. Lakin qarşı tərəf hələ də məkrli siyasətindən əl çəkmir. Yəni ölkə rəhbərliyi istəmir ki, adıçəkilən qonşu ölkə ilə münasibətlərini gərginləşdirsin"-deyə politoloq əlavə etdi. Ekspert onu da təəssüf hissi ilə bildirir ki, ölkəmizdə fəaliyyət göstərən radikal müxalifət partiyaları İİR-in anti-Azərbaycan siyasətinə qarşı etirazını bildirməkdənsə, molla rejiminə dəstək nümayiş etdirir.
Politoloq Qabil Hüseynli məsələyə münasibət bildirərkən, qeyd etdi ki, müsəlman ölkələri arasında birlik olmalıdır və indiki zamanda buna böyük ehtiyac var. Müsəlman həmrəyliyini daha çox pozan birlikdən danışan dövlətlərdir. İran şiə-sünni məsələsini ortaya atmaqla, müsəlman dünyasında parçalanma yaradan ölkələrdən biridir.Təəssüflər olsun ki, İİR bu gün minlərlə müsəlman türkünü qətlə yetirən, müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əməkdaşlığını genişləndirir. Politoloq onu da qeyd etdi ki, tarixə nəzər saldıqda, görürük ki, İran heç zaman islam dünyasında birlik və bərabərlik nümayiş etdirməyib. "Bir məsələni də vurğulayım ki, molla rejimi sivil, demokratik ölkə olan Azərbaycanı dünyəvilikdən çəkindirmək istəyir. İran prezidentinin Ermənistana səfər etməsi isə, bir daha onun göstəricisidir ki, İİR işğalçı ölkə olan Ermənistanla əməkdaşlıq etməkdə maraqlıdır"-deyə politoloq əlavə etdi.
ANAR MƏCİDZADƏ