İran prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana rəsmi səfər edəcək. İRNA-nın yaydığı məlumata görə, bunu Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib. O bildirib ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçirilir. Diplomat xatırladıb ki, səfər, əslində, bir neçə ay əvvəl gerçəkləşməli idi. Lakin imzalanacaq sənədlər hazır olmadığından, təxirə salınmışdı. Q.Arakelyan səfərin ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcəyini söyləyib.
Robert Köçəryanın etirafı
Son vaxtlar Azərbaycanın artan beynəlxalq nufuzu, BMT TŞ-də üzvlüyümüz, iri həcmli yeni qaz sazişləri, görünür, İranı qıcıqlandırıb. Ona görə də, İranın Ermənistanı gücləndirmək siyasəti daha yüksək səviyyədə davam etdirilir.
Qəribədir ki, İran rəsmiləri Azərbaycanı tənqid edəndə, İsrail-Azərbaycan əlaqələri amilini qabardırlar. Lakin bu, bir bəhanədir. Əvvəla, Azərbaycanın İsrail ilə əlaqələri heç bir dövlətə qarşı problem yaratmır. İkincisi, İran konkret olaraq, Azərbaycan torpaqlarını işğal edən, müsəlmanlara qarşı soyqırımı həyata keçirən Ermənistanı tam müdafiə edir və bu ölkə ilə sıx şəkildə həm hərbi, həm iqtisadi, həm də siyasi əlaqələri var.
Azərbaycanın İsraildə səfirliyi belə yoxdur. Amma İranın Yerevanda səfirliyi fəaliyyət göstərir. İki dövlət arasında çox sıx siyasi, iqtisadi və hərbi əməkdaşlıq mövcuddur. Görünən odur ki, İran Ermənistanı gücləndirmək üçün bütün vasitələrə əl atır. Bu baxımdan da İranın Azərbaycan Respublikasına yönəldilmiş ittihamları gülüncdür.
Molla rejiminin təxribatları
Azərbaycanı Qarabağ problemini həll etməməkdə, onu bu məsələdə Qərbdən asılı olmaqda ittiham edən rəsmi Tehran münaqişənin tənzimlənməsi kontekstində Azərbaycanın ərazi bütövlüyü prinsipini axırıncı dəfə nə zaman xatırladığını deyə bilməz.
Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı bütün dünya Ermənistana müraciət etdiyi halda, İranın belə müraciətə gücü çatmadı. İndi isə İranın Azərbaycandakı təbliğat maşını bu milli qəhrəmanın adı ilə utanmadan möhtəkirlik edir.
Ümumiyyətlə, İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar.
Tehran indi öz gücünə müvafiq bildiyi işlə- 30-40 məktəbliyə hicab geyindirməklə məşğuldur. İran Azərbaycan gənclərini təhsil adı altında İrana aparıb ideoloji cəhətdən Azərbaycana qarşı hazırlayır.
Bu günə kimi İran-Azərbaycan münasibətlərində əsaslı gərginliyin yaranmamasında Azərbaycanın xoşməramlı siyasətinin böyük rolu olub: "Azərbaycan rəsmi Tehranın ölkəmizin daxili və xarici siyasətinə müdaxilə cəhdlərinə çox təmkinlə yanaşıb və gərginliyin yaranmasından yayınıb.
Baxmayaraq ki, İran çox zaman Azərbaycanın daxilində təxribatçı fəaliyyəti üçün şiə məzhəbi amilini önə çəkməyə çalışıb. Amma nədənsə özünün xarici siyasətində Azərbaycan torpaqlarını işğal etmiş və 1 milyon azərbaycanlını öz evlərindən didərgin salmış Ermənistanla ticari, siyasi və hərbi əlaqələri genişləndirməyi, şiə müsəlmanlarını qanına qəltan edən erməni terrorçularına dəstək verməyi özü üçün ayıb saymayıb.
İran-Ermənistan
hərbi əməkdaşlığı
Tehranın yüksək səviyyəli hərbçiləri Ermənistana hərbi yardım edərək, bizə düşmən olan ölkənin hava hücumundan müdafiə sistemlərini təkmilləşdiriblər. Hava hücumu sahəsində Ermənistan və Azərbaycanda eyni sistemin mövcudluğu qarşı tərəfdə qorxu yaradırdı. Bu səbəbdən də düşmən ölkə bütün səylə hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə başlayıb və bu işdə Ermənistanın köməyinə İran çatıb.
İran tərəfi Dağlıq Qarabağı mavi yanacaqla təmin etməklə, hər zaman ermənilərə dəstək olacağını sübut edib. Tehran nəinki separatçı Dağlıq Qarabağ rejimi ilə, həmçinin, Ermənistanla da xüsusi münasibətlər qurur. İranın özündə neftayırma zavodlarına böyük ehtiyac olduğu halda, rəsmi Tehran Ermənistanda belə bir zavod tikməyə qərar verib. Baxmayaraq ki, Ermənistanda 1 nəfər də olsun neft mütəxəssisi yoxdur. Əslində, İran bütün bunları etməklə, Ermənistanı Azərbaycandan güclü dövlətə çevirmək istəyir.
Fars-erməni qardaşlığı
İran rəhbərliyinə sual etmək lazımdir ki, əgər siz doğrudan da, müsəlman təəssübkeşisinizsə, niyə bir dəfə də olsun Ermənistandan Azərbaycanın işğal altında qalan torpaqlarının azad olunmasını, məscidlərimizin dağıdılmasının qarşısının alınmasını tələb etməmisiniz?
Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?
Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?
Lakin görünən odur ki, İran bu qətnaməyə imza atmasına baxmayaraq, orada qeyd olunan prinsiplərə riayət etmir, əksinə, Ermənistanla siyasi-iqtisadi, hətta hərbi əlaqələri getdikcə gücləndirir.
Elçin Bayramlı