PDF Oxu

Sosial

  • 16

Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı

Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı

Dünən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Monteneqro Sosialistlərinin Demokratik Partiyası ilə hakim partiya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı mərasim keçirildi. Mərasimdə çıxış edən YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri, o cümlədən, Monteneqro ilə sıx əlaqələrin qurulduğunu söylədi: "Monteneqro ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin başçıları arasındakı yüksək səviyyəli siyasi dialoq, dostluq münasibətlərinin hərtərəfli inkişafı üçün geniş imkanlar açmışdır. Ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaratmışdır. Əlaqələrimizin siyasi partiyalar arasında da genişlənməsi dövlətlərimiz və xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir".

YAP-ın İcra katibi Əli Əhmədov onu da bildirdi ki, imzalanan sənəd partiyalar arasında gələcək əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaq: "Azərbaycan investisiyaların cəlb olunmasına maraqlıdır və özü də digər ölkələrdə investisiya layihələri həyata keçirir. Bu baxımdan iki ölkə arasında əlaqələr siyasi və iqtisadi istiqamətdə də dərinləşə bilər".

YAP Sədrinin müavini Azərbaycanın dinamik inkişafı, əldə etdiyi uğurları, 2012-ci ildə Bakıda keçiriləcək "Evroviziya-2012" Mahnı Müsabiqəsinə hazırlıq barədə ətraflı məlumat verdi. İki ölkənin gəncləri arasında münasibətlərin daha da sıxlaşmasının zəruriliyini qeyd edən Əli Əhmədov gələn il keçiriləcək müsabiqədə bu ölkədən olan gənclərə də bütün şəraitin yaradılacağını vurğuladı.

Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri, Monteneqronun sabiq prezidenti və baş naziri Milo Çukanoviç bildirdi ki, Azərbaycanın inkişafı və uğurları göz qabağındadır: "Biz regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıyıq. Bizim Azərbaycan Prezidenti ilə möhkəm dostluq münasibətimiz vardır və bu münasibətlər əlaqələrimizin hərtərəfli inkişafı üçün geniş imkanlar açır. Düşünürəm ki, hakim Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında imzaladığımız Memorandum xalqlarımızın dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir. Həmçinin, onu da deyim ki, Bakıda olduğum vaxtda şəhəri görmək şansım olub və Bakının tarixi və eyni zamanda, müasir şəhər olduğunun şahidi olmuşam. "Eurovision" Mahnı Müsabiqəsi üçün tikilən yeni zal Bakının daha bir müasir simvoluna çevriləcək".

Görüşün sonunda monteneqrolu qonaq gələn il YAP nümayəndələrini ölkəsinə səfər dəvət edərək bunun əlaqələrin inkişafında növbəti addım olacağını qeyd etdi. Görüşdə Azərbaycan ilə Monteneqro arasında münasibətlər, hər iki partiyanın gənclər təşkilatları arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili, beynəlxalq əməkdaşlıq və s məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Mərasimin sonunda Memorandumu Azərbaycan tərəfindən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri, Monteneqronun sabiq prezidenti və baş naziri Milo Çukanoviç imzaladı.

Mərasimdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Monteneqroda Azərbaycanın səlahiyyətli səfiri Eldar Həsənov, YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev və YAP-ın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Əliyeva iştirak etdi.


R.HÜSEYNOVA

Digər xəbərlər