PDF Oxu

Sosial

  • 9

Gənclər həmrəyliyə çağırır

Gənclər həmrəyliyə çağırır

Dünən dənizkənarı Milli Parkda yerləşən "Park-Bulvar" Ticarət-İstirahət Mərkəzindəki "İl Patio" restoranında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2012-ci ilin gəlişi münasibəti ilə Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təhsildə, idmanda və digər sahələrdə fərqlənən, rayonun ictimai- siyasi həyatında fəal olmuş bir qrupu gənclərlə görüş keçirildi.

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova gəncləri salamladı, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibəti ilə təbrik etdi. X.Bayramova bildirdi ki, gənclər hər zaman ölkədə gedən proseslərdə ön sıralarda olublar: "Gənclərə dövlət qayğısı hər zaman diqqət mərkəzində olub. Səbail rayonunda da bu qayğı davamlı olraq hiss edilir. Hazırda rayon əhalisinin 28 faizini gənclər, 20 faizini isə uşaqlar təşkil edir. Rayonun 16 orta təhsil müəssisəsində 19606 nəfər şagird, 5 ali təhsil müəssisəsində 28948 nəfər tələbə təhsil alır. Gənclərimizin savadlı və sağlam böyüməsi üçün rayonda bir çox işlər həyata keçirilmişdir".

X.Bayramova onu da vurğuladı ki, Səbail rayonunda uşaqlar və gənclər üçün nəzərdə tutulan sosial obyektlər - məktəbəqədər və orta təhsil müəssisələri, səhiyyə obyektləri əsaslı təmir olunur və yeniləri tikilir: "Dövlət başçısının diqqət və qayğısı nəticəsində yalnız bu il Səbail rayonunda bir yeni məktəb tikilmiş, 6 orta və 1 peşə məktəbi, 2 uşaq yaradıcılıq mərkəzi, 2 uşaq bağçası əsaslı təmir olunmuş, hazırda rayonda 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası, 1 məktəb üçün əlavə korpus, 1 məktəb üçün idman və akt zalı olan korpus tikilir, 1 uşaq musiqi məktəbi sökülərək yenidən inşa olunur, 2 məktəb və 1 uşaq bağçası təmir olunur. Artıq rayonun ən iri qəsəbəsi olan Badamdarda Heydər Əliyev Parkının əsaslı təmirinə başlanmış, növbəti ildə görüləsi işlər arasında qəsəbədə gənclər üçün yeni idman kompleksinin tikintisi aparılacaqdır".

Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini gənclərə biliklərini artırmağı, ölkəmiz üçün layiqli vətəndaş olmağı tövsiyə etdi və dövlətin hər zaman gənclərə dəstək olacağını bildirdi.

Tədbirdə çıxış edən gənclər bildirdilər ki, bu kimi görüşlər və tədbirlər zamanı onlar həm istirahət edir, həm də özlərinə yeni dostlar tapırlar. Gənclər xoş və mənalı istirahət üçün öz minnətdarlıqlarını bildirdilər. Tədbir musiqi və əyləncə proqramı ilə davam etdi.


R.HÜSEYNOVA

Digər xəbərlər