Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Akademiyasında Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş "Dövlət" adlı film nümayiş olunub.
DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyevin, filmin rejissoru Vaqif Mustafayevin və akademiya müdavimlərinin iştirak etdiyi tədbirdə qətiyyətli və uzaqgörən Ümummilli Lider Heydər Əliyevin tarixi şəxsiyyəti haqqında ətraflı məlumat verilib. General-mayor M.Abbasquliyev qeyd edib ki, bu film Hərbi Akademiyada müdavimlərin gələcəkdə peşə hazırlığını yüksək səviyyədə davam etdirmələri üçün əsil dərs vəsaiti kimi istifadə olunmalıdır: "Tanınmış kinorejissor Vaqif Mustafayev "Dövlət" filmində bir çox əhəmiyyətli mövzulara toxunarkən, Ulu Öndər Heydər Əliyevin hansı çətin sınaqlardan, əzablı yollardan keçdiyini, lakin bütün çətinliklərə baxmayaraq, güclü iradə nümayiş etdirdiyini tamaşaçılara çatdırıb. Mənim fikrimcə, bu film Hərbi Akademiyada müdavimlərin gələcəkdə peşə hazırlığını yüksək səviyyədə davam etdirmələri üçün əsil dərs vəsaiti kimi istifadə olunmalıdır. Mən bir daha Dövlət Sərhəd Xidmətinin adından akademiya və burada təhsil alan müdavimlərin adından Vaqif müəllimə öz təşəkkürlərimi bildirirəm".
Görüşdə kinorejissor Vaqif Mustafayev isə Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı xatirələrini DSX Akademiyasının zabit-müdavim heyəti ilə bölüşüb. V.Mustafayev filmin hazırlanması haqqında danışarkən, onu da vurğulayıb ki, bu film yalnız onun yaradıcılığı deyil, həm də onun mövqeyidir: "Mən bu akademiyaya ilk dəfədir ki, gəlirəm. Akademiyaya daxil olarkən heyrətlənməmək olmur. İstər müasir təhsil müəssisəsi kimi, istərsə də burada yaradılan şəraitə nəzər salarkən, ölkəmizin nə qədər inkişaf etdiyinin şahidinə çevrilirik. Ötən əsrin 80-90-cı illərində inanmaq çətin idi ki, qısa dövr ərzində ölkəmiz hərtərəfli olaraq tərəqqi yolu tutacaq, inkişaf edəcək. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl bir daha sübut edir ki, Azərbaycan dünyanın ən öndə gedən ölkələrindən biri kimi lider dövlətə çevrilib. "Dövlət" filminə gəldikdə isə, bu, təkcə mənim yaradıcılığım deyil, həm də mövqeyimdir. Yaradıcılıqla mövqe bir araya gələndə, nəticə uğurlu alınır".
Sonra V.Mustafayevin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Dövlət" filmi DSX Akademiyasının zabit və müdavim heyətinə nümayiş etdirildi.
RÖVŞƏN RƏSULOV