PDF Oxu

Sosial

  • 9

GƏNCLƏR AZƏRBAYCANIN GƏLƏCƏYİDİR

GƏNCLƏR AZƏRBAYCANIN GƏLƏCƏYİDİR

Dünən "Mona Liza" restoranında Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.

Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq, bildirdi ki, qarşıdan bütün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2012-ci il gəlir: "Bu münasibətlə tədbirə toplaşanların hər birini ürəkdən təbrik edir və onlara gələcək illərdə də müvəffəqiyyətlər və nailiyyətər arzulayıram".

S.Orucov çıxışında bildirdi ki, 2011-ci il Azərbaycan üçün çox uğurlu il kimi yadda qaldı: "Yola saldığımız ildə ölkəmiz BMT TŞ-nin qeyri-daimi üzvü seçildi və bu əlamətdar hadisə müstəqilliyimizin 20 illiyinə təsadüf etdi. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq musiqi yarışı olan "Eurovision"da qalib ölkə oldu və qarşıdan gələn 2012-ci ildə bu yarış öz möhtəşəmliyi ilə ölkəmizdə keçiriləcək".

YAP Gənclər Birliyinin sədri, xüsusilə, dövlətin gənclərə olan diqqət və qayğısından danışaraq, qeyd etdi ki, 2011-2012-ci illərdə dövlət gənclər proqramının qəbulu xüsusi əhəmiyyət daşıyır: "Eyni zamanda, gənclər fondunun yaradılması, tələbələrin təqaüdlərinin artırılması bütün mühüm amilləri özündə ehtiva edir. Təbii ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan gənclər siyasəti bizlərə olan diqqət və qayğının bariz nümunəsidir. Biz gənclər də Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, bizə olan etimadı doğruldacağıq".

Daha sonra tədbirdə YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov çıxış etdi. Ə.Əhmədov vurğuladı ki, bu gün hər kəs, eləcə də, Azərbaycan gənci Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməkdədir: "Çünki Azərbaycanın gələcəyi olan gənclər bir daha necə həmrəy olduqlarını nümayiş etdirməkdədirlər. Lakin mən daha bir məqama da toxunmaq istərdim. Belə bir deyim var ki, köhnə ili necə yola salırsansa, yeni ili də elə qarşılayırsan. Məhz Azərbaycan üçün də belə oldu. 2011-ci il ölkəmiz üçün uğurlu il kimi yadda qaldı. Həmçinin, ölkəmizdə çox əlamətdar hadisələr yaşandı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 50 illik yubileyi oldu və YAP bu möhtəşəm günü xüsusi sevinc və fərəh hissi ilə qeyd etdi".

Əli Əhmədov bir daha gənclərə uğurlar və nailiyyətlər arzulayaraq, bildirdi ki, 2012-ci il də Azərbaycan üçün daha uğurlu il olacaq. Bayram tədbiri tanınmış incəsənət xadimlərinin səsləndirdikləri musiqi parçaları ilə və tədbirdə iştirak edən gənclərin bir-birindən maraqlı rəqsləri ilə davam etdi.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər