PDF Oxu

Sosial

  • 9

Bir ilin ayrılığı...

Bir ilin ayrılığı...

Ramiz Bağırlı... Bu ad, soyad mənə 70-ci illərdən tanış idi. Ulu Öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra kadr siyasətində böyük dəyişikliklər baş verdi. Belə ki, Ulu Öndər uzun illər vəzifə xəstəliyinə tutulan, müasir dövrün tələblərindən uzaq olan, sərin kabinetlərdə mürgüləyən bir çox antipodları vəzifəsindən kənarlaşdırdı.


İstedadlı, savadlı, işgüzar gənclərin axtarışına çıxdı və onlara yeni üfüqlər açdı. Belə gənclərdən biri də ata çörəyini doyunca yeməyən, uşaq yaşlarından ağır şəraitlə üzləşən, yeniyetmə yaşından əmək cəbhəsinə atılan, orta məktəbi əla qiymətlərlə başa vuran, çinarlar diyarı, Göyçay rayonunun yetirməsi Ramiz Bağırlı oldu. Hansısa bir iclasda Ramiz Bağırlının ilk partiya təşkilatının katibi kimi çıxışı Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin diqqətini özünə cəlb etdi. Bununla da Ramiz Bağırlının həyat yolunda yaşıl işıq yandı. Bu istedadlı gənc ilk partiya təşkilatının katibliyindən pillə-pillə rayon partiya komitəsinin katibi, Mərkəzi Komitənin şöbə müdiri, Azərbaycanın ikinci sənaye mərkəzi olan keçmiş Kirovabad şəhər partiya komitəsinə birinci katib seçildi və 8 il bu vəzifədə fədakarlıqla işləməklə xalqın sevgisini qazandı. Xalqın etimadı ilə o, SSRİ Ali Sovetinə deputat seçildi. Hər zaman Ulu Öndərimiz Heydər Əliyevi xatırlayanda, Ramiz müəllimin gözləri yaşarırdı və fəxrlə deyirdi: "Baxmayaraq ki, uşaq yaşlarından atasız qaldım, lakin tale mənim üzümə güldü. Heydər Əliyev kimi özümə ikinci ata tapdım. Bəli, Ramiz Bağırlı bu sevgini qazana bilmişdi. Öz işinə ciddi münasibəti ilə, fədakarlığı ilə və ən başlıcası isə təmizliyi ilə. Gəncə kimi ağır bir bölgədə təmiz ad qazanmaq hər vəzifə sahibinin hünəri deyildi. Bunu ancaq Ramiz Bağırlı kimi Heydər Əliyevin etimadını qazanan bir şəxs edə bilərdi".

Ramiz müəllimlə mənim ilk tanışlığım 2002-ci ildə oldu. Heydər Əliyev məni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə göndərdi. Hörmətli nazirimiz Hüseyn Bağırlı məni səmimi qəbul etdi və İxtisaslaşdırma və İxtisasartırma İnstitutuna direktor təyin etdi. O institut bir neçə ay idi ki, fəaliyyət göstərirdi. Ramiz Bağırlı isə direktor müavini idi. İlk söhbətimizdən onun bir ziyalı insan kimi davranışı, kollektiv arasında az müddətdə qazandığı nüfuz və ən başlıcası səmimiliyi məni özünə cəlb etdi. Məndən beş yaş böyük olmasına baxmayaraq, direktor müavini kimi distansiyanı qorumağı və mənim direktor kimi kollektiv arasında daha çox hörmət qazanmağıma can-başla çalışırdı. Qəlbimdə Ramiz müəllimə qarşı böyük inam, məhəbbət və sevgi yarandı. İnstitutumuzda hər hansı bir məsələ müzakirəyə çıxarılanda, kollektivimiz Ramiz müəllimin son sözünə ehtiyac duyurdu. Çünki onun əmək, iş təcrübəsi bizdən daha çox idi. Hər gün institutumuzun gənc əməkdaşlarını başına toplayıb öz həyat yolundan, mənalı keçən ömür səhifələrindən söhbət edir və Ulu Öndərimiz Heydər Əliyevin vaxtında Azərbaycana qayıtmasını və bugünkü müstəqilliyimizin bərpasını, bütövlüyünü Onun adı ilə bağlayırdı. Ona görə də, Heydər Əliyevin ömür yolundan bəhs edən bir neçə kitabı gənc əməkdaşlarımızın stolüstü kitabına çevrilmişdi.

İndi düz bir ildir ki, Ramiz Bağırlının yoxluğu institutumuzun bütün əməkdaşlarını üzür. Onun parlaq siması həmişə gözlərimiz qarşısında canlanır. Düz bir ildir ki, onun oturduğu kresloda heç bir kəs oturmur. Məndə isə onun hər zaman gözünə taxdığı çeşməyi yadigar qalıb. Hərdən o çeşməkdən istifadə edirəm. Lakin bilmirəm ki, onun gözləri kimi həyatı görə bilirəm ya, yox? Allah sənə rəhmət eləsin Ramiz müəllim. Qoy sənin yarımçıq ömrünü bu gün sənin adına layiq mövqeyi olan oğlun Azad davam etsin. Gün o gün olsun ki, nəvələrinin xeyir işlərində bizim institutun kollektivi başda əyləşsin.

Heyif səndən, gözəl insan!


Ramiq Muxtar,

Prezident təqaüdçüsü,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru

Digər xəbərlər