Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti mətbuat xidmətinin 2011-ci ilin dekabr ayı ərzində görülən işlərlə bağlı "Səs"ə verilən məlumata görə, ölkə ərazisində miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində intensiv tədbirlər davam etdirilib: "Ötən ilin dekabr ayı ərzində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilmiş və müvafiq nəticələr əldə olunmuşdur. Həmçinin, 2011-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığı qəbul, xitam, bərpa, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, eyni zamanda, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5.842 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir".
Mətbuat xidmətinin məlumatına görə, ötən ilin dekabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama, əmək fəaliyyəti ilə məşğul olma qaydalarının pozulması hallarının aşkar edilərək, qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilibdir. Nəticədə, 1.247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 200 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 870 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 177 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilmişdir, Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
R.Hüseynova