- Vahid müəllim, ötən ilin sonlarında dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın həyata keçirilməsində, icrasında ilk öncə nədən başlanılmalıdır?
- Bu gün dövlət başçısı İlham Əliyevin 8 illik fəaliyyəti dövründə ölkədə demokratik, mülki cəmiyyətin qurulması, insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsi sahəsində çoxlu tədbirlər həyata keçirilib, addımlar atılıb. Bu addımlardan biri kimi də elə prezident tərəfindən ötən ilin sonlarında imzalanmış "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" adlı sənədi göstərmək olar. Ümumiyyətlə, demokratik, mülki vətəndaş cəmiyyətinin qurulması, insan hüquq və azadlıqlarının təmini kimi halların ölkədə tam bərqərar olması üçün belə bir Proqramın işlənilib hazırlanmasına çox böyük ehtiyac var idi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cənablarının rəhbərliyi ilə də bu yöndə Komissiya yaradılıb və həmin komissiya da artıq bu işlərlə məşğul olur. həmçinin, istər insan hüquqlarının qorunması, istər vətəndaş cəmiyyətinin qurulması, istər iqtisadi sferada şəffaflığın artırılması, istər müəyyən tənzimləmə mexanizmlərinin, metodlarının həyata keçirilməsi ilə əlaqədar olaraq daha geniş miqyaslı işlərin görülməsinə ehtiyac var. Bu baxımdan elə bilirəm ki, "Milli Fəaliyyət Proqramı" ilə yanaşı , "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu istiqamətdə çox mühüm əhəmiyyət kəsb edir. Bu Proqramın icrası ilə bağlı ilk öncə hesab edirəm ki, ölkədə seçkilərin tam demokratik keçirilməsinə çalışmaq və buna nail olmaq lazımdır. Düzdür, xüsusilə son illər ölkəmizdə bu istiqamətdə böyük, önəmli işlər aparılır, bununla belə, demokratik, mülki vətəndaş cəmiyyətinin qurulması əsasən seçkilərin demokratik keçirilməsilə birbaşa bağlıdır. Əgər seçkilər demokratik keçirilirsə, demokratik fikirli insanlar bu prosesdə - istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri olsun - özünü sınaya bilirsə, o cəmiyyətdə çox zaman problemlər də bir o qədər özünü göstərmir. Doğrudur, cəmiyyətdə müəyyən qədər fikir ayrılıqları olur, bununla yanaşı, həmin fikir ayrılıqları cəmiyyətin inkişafına mənfi təsir göstərmir, əksinə onun müsbət istiqamətdə inkişafını müəyyən qədər irəliyə aparır. Yəni, həmin Proqramla bağlı işlər əsasən bundan başlamalıdır. Dünyada da elə bir ölkə yoxdur ki, orada seçkilər ideal olsun, ümumiyyətlə, bütün ölkələrdə seçkilərdə bu və ya digər dərəcədə problemlər özünü göstərir. Bu da onunla bağlıdır ki, seçkilər elə-belə asan proses deyil, çox ağrılı bir prosesdir. Bununla belə, maksimum şəkildə çalışmaq lazımdır ki, seçkilər demokratik şəraitdə baş tutsun.
Bununla belə, "Milli Fəaliyyət Proqramı"nın həyata keçirilməsində cəmiyyətin bütün təbəqələri iştirak etməlidir. Əsas məqsəd də ondan ibarət olmalıdır ki, Azərbaycanın arxada qalan 20 illik müstəqillik dövrünü biz 20 il yox, 120 il etmək iqtidarına malik olaq. Ona görə belə bir Proqramın işlənilib ortaya qoyulmasına və həyata keçirilməsinə böyük ehtiyac var.
İkincisi, cəmiyyətdə konsensusa gəlmək, konsolidasiyaya nail olmaq lazımdır. Özü də mən bunu bir neçə dəfə demişəm və indi də təkrar olaraq demək istəyirəm ki, Azərbaycanda ətrafımızda baş verən proseslərlə, eləcə də digər məqamlarla bağlı dialoqa ciddi ehtiyac var. Bu prosesə də cəmiyyətin bütün aktiv siyasi təbəqələri cəlb olunmalıdır. Çünki cəmiyyətdə, o cümlədən parlamentdə müxtəlif siyasi partiyaların nümayəndələri təmsil olunur, həmçinin müstəqil, bitərəf millət vəkilləri, siyasətçilər var. Bununla belə, cəmiyyətdə ayrı-ayrı nüfuzlu ziyalılar, tanınmış, az-çox nüfuzu olan partiyalar, qeyri-hökumət təşkilatları da mövcuddur. Hesab edirəm ki, bunları bir araya gətirib Azərbaycanın gələcəyi, ölkəmizin müstəqilliyinin daha da dönməz xarakter alması naminə bir Forum keçirmək, müəyyən məsələlərdə qarşılıqlı razılığa gəlmək lazımdır. Düzdür, bir sıra məsələlərdə razılığa gəlmək mümkün deyil, çünki hər kəsin öz fərqli mövqeyi, düşüncəsi var, bu baxımdan da fikir ayrılığı olub və bundan sonra da olacaq, ancaq elə məsələlər var ki, orada birgə mövqedən çıxış etmək mümkündür. Məsələn, Qarabağ məsələsi ilə bağlı bütün qüvvələrin iştirakı əsnasında vahid strategiya hazırlana bilər və hazırlanmalıdır. Eyni zamanda, digər məsələlər...
- Bəs iqtisadi sferada nədən başlanılmalıdır?
- İqtisadi sferaya gəlincə, son illərin hadisələri də göstərdi ki, Azərbaycanda iqtisadi sahədə görülən işlər nəticəsində müəyyən irəliləyişlər var. Bu irəliləyişlər həm göstəricilərdə öz əksini tapıb, həm də cəmiyyətin məsələlərə yanaşmasında özünü büruzə verib. Hətta 2008-ci ildə ABŞ-da, onun ardınca isə Qərb ölkələrində başlanan, hələ də davam edən böhranın Azərbaycana bir o qədər də mənfi təsiri olmadı. Düzdür, Azərbaycanın özünün "təhlükəsizlik yastığı" mövcuddur, 40 milyard ehtiyatı var, müəyyən problemlərlə, məsələlərlə bağlı isə həm Mərkəzi Bank, həm də hökumət tərəfindən müəyyən işlər görülür. Ölkə başçısı İlham Əliyevin iqtisadi sahədə apardığı siyasət tamamilə normal və qəbul olunan bir siyasətdir. Bu siyasətin nəticəsində də Azərbaycanda ciddi iqtisadi fəsadlar baş vermədi. Hətta dövlət başçısının göstərişinə əsasən bu dövrdə manatın məzənnəsi qorunub saxlanıla bildi. Bütün dövlətlərdə milli valyutalar dəyərdən düşdüyü halda, Azərbaycan manatı öz stabilliyini qoruyub saxladı. Özünüz də görürsünüz ki, Böyük Britaniyada, İtaliyada, Yunanıstanda, İspaniyada, Almaniyada, Fransada və digər xarici Qərb ölkələrində hansı hadisələr baş verdi və verməkdədir. Bu ölkələrdə dövlət büdcəsinin kəsiri artıq 70-80 faizə gəlib çatıb. ABŞ-ın özündə büdcə kəsiri hardasa 16 trilyon dollara yaxındır. Yəni, bu dövlətlər faktiki olaraq iqtisadi krizis vəziyyətindədirlər. Amma aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda bu hiss olunmadı. Bildiyiniz kimi, bir müddət öncə müzakirədən keçirib qəbul etdiyimiz 2012-ci ilin dövlət büdcəsində Dövlət Neft Fondundan büdcəyə 10 milyard manata yaxın transfert nəzərdə tutulur. Bu böyük məbləğdir. Əgər dövlət büdcəsi 17 milyard manata yaxındırsa, həmin rəqəm böyük rəqəmdir. Dövlət başçısı özü də bir neçə dəfə hökumətin iclasında və bütün çıxışlarında bildirib ki, qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Qeyri-neft sektoru da nədir? Bu sənayedir, kənd təsərrüfatıdır, turizmdir və sair. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı üçün bu sahələrə daha ciddi diqqət yetirmək gərəkdir.
R.KAMALQIZI