PDF Oxu

Sosial

  • 10

Qəhrəmanlıq salnaməsi

Qəhrəmanlıq salnaməsi

Xalqımızın ən dəhşətli günlərindən biri olan 20 Yanvar faciəsindən 22 il ötür. Həmin gün xalqımızın azadlıq mübarizəsinə qalxdığı gündür. Yəni, 20 Yanvar faciəsi həm hüzn günü, həm də şərəfli tarixi günlərimizdən biridir. Həmin gün şəhid olan Azərbaycanın oğul və qızları bu torpağa azadlıq toxumu səpdilər. 20 Yanvar faciəsinə ilk hüquqi qiymət müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verildi. Yaddaşımıza qara hərflərlə yazılan 20 Yanvar faciəsinin işıqlandırılmasında Azərbaycan mətbuatının rolu necə olub? Ölkə mətbuatı bu faciəni yetərincə işıqlandıra bilirmi? Bu və digər suallarla qəzet baş redaktorlarına müraciət etdik.

Cəmaləddin Quliyev,

"Paritet" qəzetinin baş redaktoru:

- İlk öncə onu qeyd edim ki, 20 Yanvar günü Azərbaycan xalqının milli müstəqillik və azadlığı uğrunda apardığı mübarizəsinin şərəfli bir günüdür. Baş verən hadisələrin ertəsi günü 20 Yanvar faciəsi ilə əlaqədər olaraq, "Səhər" qəzeti çox böyük tirajla nəşr olunmuş və yayılmışdı. Bu hadisələrin ölkə xaricində işıqlandırılması üçün, Ramiz Əsgərin baş redaktor olduğu "Odlar Yurdu" qəzeti çox böyük fəaliyyət göstərmişdir. Bir sözlə, 20 Yanvar faciəsi və Azərbaycanın digər tarixi faciələri mətbuat orqanlarında işıqlandırılaraq cəmiyyətə çatdırılır.

20 Yanvar faciəsindən illər keçdikcə, yeni sirlər və faktlar ortaya çıxmaqdadır. Bu baxımdan, hesab edirəm ki, 20 Yanvar hadisələrini tam öyrənərək geniş şəkildə cəmiyyətə çatdıra bilməmişik. Azərbaycan mətbuatında fəaliyyət göstərən jurnalistlər çalışmalıdır ki, bu və digər faciələrimizlə bağlı faktları öyrənərək mətbuatımızda geniş şəkildə işiqlandırsın.


Elçin Mirzəbəyli,

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:

- Demək olar ki, 20 Yanvar hadisəsi baş verən zaman müstəqil mətbuat yox dərəcəsində idi. Həmin vaxtlar insanların öz gücünə çıxarılan bülletenlər var idi. Həmin o bülletenlərin vasitəsi ilə informasiyalar yayılırdı. Bu baxımdan, 20 Yanvar gecəsi Azərbaycanın informasiya blokadasında olduğunu demək olardı. Çünki o zaman yanvarın 19-da, axşam Azərabaycan televiziya partladıldı. Həmin dövrdə Azərbaycan haqqında informasiyaların və həqiqətlərin yayılması olduqca çətin idi. Ancaq bütün bunlara baxmayaraq, ölkə jurnalistləri əllərində olan bütün imkanlardan istifadə edərək, Azərbaycan haqqında həqiqətləri dünyaya yaymağa çalışırdılar. 20 Yanvar hadisələri ilə bağlı məlumatların dünyaya çatdırılmasında təkcə jurnalistlər yox, o cümlədən, ölkə vətəndaşlarının xidmətlərini qeyd etmək lazımdır. Çünki baş verən hadisələrin içərisində olan bir şəxs kimi bilirəm ki, həmin vaxtlar bu informasiyaların yayılmasında sıravi vətəndaşların rolu, jurnalistlərdən daha çox olub.

Azərbaycan mətbuatı 20 Yanvar hadisələri ilə bağlı məlumatları kifayət qədər işıqlandırır. Demək olar ki, dünya mediasında da Azərbaycan səfirliklərinin, diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporasının təşkilatçılığı ilə 20 Yanvar ərəfəsində bir çox məlumatlar yayılaraq tədbirlər keçirilir. Təbii ki, 20 Yanvar hadisələri ilə bağlı keçirilən tədbirlər də geniş şəkildə işıqlandırılır. Mən bir media işçisi olaraq, 20 Yanvar hadisəsini təkcə faciə kimi dəyərləndirməzdim. Düzdür, Bakıya hücum sovet qoşunlarının Azərbaycana qarşı növbəti işğalı idi. Yəni onların Azərbaycana qarşı düşünülmüş və həyata keçirilmiş bir qəsdi idi. 22-ci il dönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı uğrunda mücadiləsinin bir qəhrəmanlıq nümunəsi idi. Çünki dinc insanlar sovet imperiyasının qoşunlarına qarşı öz həyatları ilə dirəniş göstərirdilər. Bu çox böyük bir qəhrəmanlıq salnaməsidir.

GÜLYANƏ

Digər xəbərlər