"Qondarma "erməni soyqırımı" iddiaları ilə mübarizə Türkiyənin və Azərbaycanın ortaq problemidir". AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvar jurnalistlərə müsahibəsində deyib. O, bildirib ki, təmsil etdiyi ölkədə keçirilən parlament seçkilərindən sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni üzvləri olaraq bu onların Azərbaycana ilk səfərləridir. Səfərin məqsədi iki ölkə arasında qarşılıqlı münasibətlərin, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsidir. Qonaq deyib ki, Azərbaycan və Türkiyənin ortaq tarixi var: "Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri mövcuddur. Səfər çərçivəsində Milli Məclisdə tanışlıq xarakterli görüşlər keçirəcəyik. Görüşlərdə ikitərəfli əlaqələr, o cümlədən Azərbaycan və Türkiyənin müştərək problemi olan "erməni soyqırımı" məsələsi ilə bağlı fikir mübadiləsi aparacağıq. Bu istiqamətdə Azərbaycan ilə birgə fəaliyyət yollarını müzakirə edəcəyik. Fransa Milli Assambleyasında qəbul olunmuş qondarma "erməni soyqırımı"nın inkarına görə cəza verilməsi barədə qanun və bu qərarın yanvarın 23-də Senatda müzakirəyə çıxarılmasına qarşı mübarizə ortaq problem olduğu üçün bu istiqamətdə birgə addımlar atacağımızı düşünürük".