Xalqımızın ən dəhşətli faciələrindən biri olan 20 Yanvar faciəsindən 22 il ötür. Həmin gün xalqımızın azadlıq mübarizəsinə qalxdığı gündür. Yəni, 20 Yanvar həm hüzn günü, həm də şərəfli tarixi günlərimizdən biridir. Həmin gün şəhid olan Azərbaycanın oğul və qızları bu torpağa azadlıq toxumu səpdilər. 20 Yanvar faciəsinə ilk hüquqi qiymət müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verildi. Bu faciə neçə illərdir ki, xalqın hüzn günü kimi qeyd olunur. Yaddaşımıza qara hərflərlə yazılan 20 Yanvar faciəsinin işıqlandırılmasında Azərbaycan mətbuatının rolu necə olub? Ölkə mətbuatı bu faciəni yetərincə işıqlandıra bilirmi? Bu və digər suallarla qəzet baş redaktorlarına müraciət etdik.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Demək olar ki, 1990-ci ildə 20 Yanvar hadisələri baş verən zaman Azərbaycan mətbuatı fəaliyyət göstərə bilmirdi. Yəni, baş verən hadisə ilə bağlı məlumatların yayılması olduqca çətin idi. Ancaq 20 Yanvar hadisələrinin işıqlandırılması üçün gizli yollarla çıxan qəzetlər var idi. Bir sözlə, 22 il bundan əvvəl ölkə mətbuatı bu hadisə ilə bağlı açıq şəkildə heç nə yaza bilmirdi. Yalnız Azərbaycan müstəqil olandan sonra yəni, ölkədə müstəqil qəzetlər fəaliyyət göstərməyə başlayandan sonra, 20 Yanvar hadisələri geniş şəkildə işıqlandırıldı.
Təbii ki, bu gün ölkədə fəaliyyət göstərən bütün mətbu orqanlar 20 Yanvar hadisələri ilə bağlı bütün məlumatları geniş şəkildə işıqlandırır. Bir sözlə, Azərbaycan mətbuatı 20 Yanvar hadisələrinin işıqlandırılması istiqamətində bir çox işlər görməkdədir.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:
- 1990-ci ildə Azərbaycan mətbuatının 20 Yanvar hadisələrinin işıqlandırması bizim tariximiz üçün yox, dünya mətbuatı tarixi üçün bir fədaililik nümunəsi sayıla bilər. Düzdür, həmin dövrdə ölkənin dövlət mətbuatı sayıla bilən nümunələri baş verən bu hadisələrdə o qədər də böyük fədakarlılıq göstərə bilmədilər. Amma xüsusi buraxılış həyata keçirən mətbuat orqanları 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri işıqlandırmaqda böyük fədakarlıq göstərmişlər. Bu baxımdan həmin mətbu orqanlarının bu hadisələrin mahiyyətinin dünyaya çatdırılmasında əvəzsiz rollarının olduqlarını söyləmək olar.
Hazırda fəaliyyət göstərən mətbu orqanlarımız 20 Yanvar hadisələri ilə bağlı məlumatları kifayət qədər işıqlandırır. Demək olar ki, bu gün dünya 20 Yanvar hadisələrini kütləvi qırğın aktı kimi tanımaq üzrədir. Düzdür, hələ ki, bu cür rəsmi tanınmalar yoxdur. Sadəcə olaraq, bu hadisələr o zaman dağılmaqda olan imperiya rəhbərlərinin ordu gücü ilə milli azadlıq hərəkatı aparan xalqın müqavimətini qırmaq aksiyası adlandırırlar. Düzdür, bunu Azərbaycan xalqına və müstəqilliyə qarşı təcavüz aktı adlandırırlar. Amma hələlik, 20 Yanvar hadisələrinin kütləvi qırğın aktı kimi dəyərləndirilməsi məsələsi həyata keçməyib. Amma əlbəttə ki, bunun Azərbaycan xalqına və müstəqilliyə qarşı təcavüz aktı olması ilə bağlı dünyada yaranmış rəy birinci növbədə Azərbaycan dövlət rəhbərlərinin və orqanlarının apardığı siyasətin, eyni zamanda, Azərbaycanın milli mətbuatının həyata keçirdiyi işlərin uğurlu nəticəsi kimi dəyərləndirilə bilər.
GÜLYANƏ