PDF Oxu

Sosial

  • 14

“Human Rights Watch” Avropanın mərkəzində, ABŞ-da insan haqlarının kobud və kütləvi şəkildə pozulmasına niyə göz yumur?”

“Human Rights Watch” Avropanın mərkəzində, ABŞ-da insan haqlarının kobud və kütləvi şəkildə pozulmasına niyə göz yumur?”

"Bu hesabatda Azərbaycanla bağlı iddialar qərəzli, müxtəlif yerli təşkilatların yalan informasiyalarına əsaslanan subyektiv mülahizələrdir". SİA-nın məlumatına görə, bu sözləri "Human Rights Watch" təşkilatının hesabatına münasibət bildirərkən Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev deyib.

O bildirib ki, təəssüf ki, "Human Rights Watch", "Freedom House" kimi təşkilatların iddiaları araşdırılmır, belə sərt tənqidlərin arxasında duran səbəblər ictimailəşdirilmir: "Əgər hər hansı xarici təşkilat hesabat hazırlayarkən öz mütəxəssisləri vasitəsilə araşdırma aparmırsa, Azərbaycanın radikal müxalifət mətbuatına və bir neçə müxalifyönlü QHT-nin donoslarına əsaslanırsa, burda əlavə mülahizəyə ehtiyac yoxdur. Diqqət edin, son hesabatda Azərbaycanda "ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətinin dayandırıldığı" iddia olunur. Halbuki, MDİ fəaliyyətini tam gücü ilə davam etdirir. Bundan başqa, 2 aprel mitinqi ilə əlaqədar həbs edilən insanların siyasi mənsubiyyətinin önə çəkilməsi fonunda, onların hansı şəraitdə həbs olunması və hansı ittihamlara əsasən məhkum edilməsi məsələsinə toxunulmaması suallar doğurmaya bilməz. Hesabatda Cabbar Savalanlının həbs olunduğu bildirilir, lakin onun əfv olunduğu barədə bir kəlmə belə deyilmir. Bəxtiyar Haciyev fərrarilik edib, orduda xidmətdən boyun qaçırıb və buna görə də məhkum edilib. Bunun siyasi fəaliyyətə nə aidiyyəti var? Məgər parlament seçkilərində namizədliyini irəli sürmək və hakimiyyəti tənqid etmək orduda xidmətdən yayınmağa əsas yaradır? Ümumiyyətlə, son zamanlar cinayət törədib sonrada özünü bloqqer, jurnalist, siyasətçi kimi qələmə verməklə məsuliyyətdən yaxa qurtarmaq dəbə düşüb və çox təəssüf ki, bəzi xarici təşkilatlar da artıq bu oyunun iştirakçısına çevriliblər. Belələri dərhal "siyasi məhbus" elan edilir və onların müdafiəsi təşkil olunur".

E.Musayevin fikrincə, "Human Rights Watch", "Freedom House" bu qədər ədalət tərəfdarıdırlarsa, Avropanın mərkəzində, ABŞ-da insan haqlarının kobud və kütləvi şəkildə pozulmasına niyə göz yumurlar?: "Uoll-striti işğal et" şüarı ilə Nyu-Yorkda, Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində keçirilən aksiyaların iştirakçıları ilə polisin amansız davranışı, aksiya fəallarının həbsi niyə hesabatda tənqid olunmur? Böyük Britaniyada etirazlar zamanı minlərlə insanın iğtişaşçı kimi həbs edilməsi, bloqqerlərin məhkum olunması, internetin qapadılmasıdamı demokratiyanın təzahürləridir? Bu qədər ədalətlidirlərsə, bir dəfə də Azərbaycanınla bağlı icra olunmayan BMT qətnamələrinin yerinə yetirilməsini beynəlxalq aləmdən tələb etsinlər, Xocalı faciəsi məsələsini qaldırsınlar".

"Bunların hamısının üzərindən sükutla keçən xarici təşkilatların Azərbaycana qarşı iddialarını əsaslı hesab olmaz. Onlardan soruşmaq lazımdır ki, Fransa senatının ifadə azadlığını, insan hüququnu kobud şəkildə pozan qanunu qəbul etməsinə niyə təpki göstərmirsiniz?",- deyən partiya sədri qeyd edib ki, bu haqsızlığı görən Azərbaycan cəmiyyətində də həmin hesabatların sifarişli, müəyyən antiazərbaycan dairələrin maraqlarına hesablandığı barədə qənaət formalaşıb: Hər halda, ABŞ Dövlət Departamentinin, Beynəlxalq İnkişaf Agentliyinin "Human Rights Watch" təşkilatına ayırdıqları külli miqdarda vəsaitin, cənab Sorosun bu quruma pəşkeş etdiyi 100 milyon dolların təyinatı bəllidir. Azərbaycan cəmiyyəti də bundan nəticə çıxarmalıdır və çıxarır".

Digər xəbərlər