PDF Oxu

Sosial

  • 9

“Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz azalıb”

“Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz azalıb”

Dünən Daxili İşlər Nazirliyində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumatda bildirilir ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, 2011-ci il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının hər bir sahəsində müsbət nəticələrin əldə edilməsi, demokratik proseslərin sürətlənməsi, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bütövlükdə Heydər Əliyev siyasi kursunun uğurla inkişaf etdirilməsi ilə əlamətdar olmuş, davamlı şəkildə gedən quruculuq işlərinə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları daha etibarlı qorunub, ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilib. Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb.

Nazir bildirib ki, qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətkarlığın strukturunda və dinamikasında ciddi dəyişikliklər baş verməyib, əvvəlki illərdə qeydə alınan müsbət meyllər qorunub saxlanılıb. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət "isti izlərlə"açılıb.

Cinayətlərin profilaktikasında, bu sahədə operativ tədbirlərin görülməsində yeni informasiya texnologiyalarının öz effektivliyini artıq tam təsdiqlədiyini xatırladan nazir "102" və "Təhlükəsiz şəhər" sistemlərinin böyük rolunu vurğulaıb. Qeyd edilib ki, təkcə "102" xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınıb, 1609 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları sayəsində 34 cinayət açılmış, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilib, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılıb. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayət törətmiş 13.792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs həbs edilib.

Digər xəbərlər