"Fransa Senatının qəbul etdiyi uydurma "erməni soyqırımını" inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanunun nə tarixi, nə hüquqi, nə də mənəvi əsası yoxdur. Azərbaycan gəncliyinin aparıcı qüvvəsi olan YAP Gənclər Birliyi bu sənədin qəbul olunmasını qətiyyətlə pisləyir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, məsələ ilə bağlı YAP gəncləri Fransa senatorlarına müraciət göndərib. O, Azərbaycan və Türkiyə cəmiyyətinin haqlı narazılığının Fransa Senatı tərəfindən nəzərə alınmamasının böyük təəssüf doğurduğunu qeyd edib.
"Bu qanun Türkiyəyə və türk dünyasına qarşı yönəlib. Azərbaycan gəncliyi bu məsələdə Türkiyə gəncliyi ilə həmrəydir. Biz haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik. Partiyamızın Gənclər Birliyinin üzvləri sosial şəbəkələr vasitəsilə bu haqsızlığa etiraz edir, mütərəqqi gəncləri etiraz kampaniyasına qoşulmağa çağırır. Hesab edirəm ki, sağlam düşüncəli fransız gənclər də Senatın qəbul etdiyi bu sənədə qarşı kəskin mövqelərini ortaya qoymalıdırlar"- deyə YAP Gənclər Birliyinin sədri bildirib.
S.Orucov deyib ki, bu sənəd təsdiq olunarsa Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həllində iştirakı sual altına düşəcək. Onun sözlərinə görə, Fransa bu prosesdə iştirak etsə də, ondan ədalətli qərar gözləmək inandırıcı deyil.