Dünən Ombudsman Aparatında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları, müvafiq dövlət orqanlarının, vətəndaş cəmiyyətinin və KİV-in nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tədbirin ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasının 11-ci ildönümü günü ərəfəsində keçirildiyini, Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycanın insan hüquqlarının təmini sahəsində öz üzərinə bir sıra öhdəliklər götürdüyünü və bu öhdəliklərin uğurla yerinə yetirildiyini söyləyib. O, həmin öhdəliklərin yerinə yetirilməsi nəticəsində yaranmış ombudsman təsisatının artıq bu il 10 illiyinin qeyd ediləcəyini bildiribdir.
E.Süleymanova ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edildiyini və bu sənədin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətlər müəyyən etdiyini vurğulayıbdır. E.Süleymanova məruzəsində "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyasına uyğun hazırlanmış bu Proqramın əhəmiiyətini qeyd edərək, bugünkü tədbirin məqsədinin məhz adı çəkilən sənəddə nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin və onların mexanizmlərin müzakirəsindən ibarət olduğunu diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının insan hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Milli Fəaliyyət Proqramında təsbit olunmuş Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi kimi mühüm vəzifələrin dövlətin ali məqsədinin daha səmərəli təmini baxımından əhəmiyyətini vurğulayıb.
Təhsil nazirinin müavini Qulu Novruzov "Milli Fəaliyyət Proqramı və insan hüquqları sahəsində tədris və maarifləndirmə", Xarici İşlər Nazirliyinin insan hüquqları, demokratikləşmə və humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əsgərov "Milli Fəaliyyət Proqramının icrasında beynəlxalq təşkilatlarla əməkdaşlığın rolu", Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsi rəisinin müavini Sübhi Kazımov "Milli Fəaliyyət Proqramı və məhkəmə orqanlarının vəzifələri", Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Milli Fəaliyyət Proqramının icrasında QHT-lərin rolu", millət vəkili, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, vergilər nazirinin müavini Sahib Ələkbərov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov, Daxili İşlər Nazirliyi daxili təhqiqatlar idarəsi rəisinin müavini Əziz Hidayev və başqaları çıxış edərək, müzakirə olunan məsələ ilə bağlı fikir və mülahizələrini söyləmişlər.
Aytən Səmədova