Son zamanlar Fransada, eləcə də, digər Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisi bütövlükdə türk dünyasına qarşı qərəzli mövqeyini müxtəlif üsullarla davam etdirməyə cəhd göstərir. Ən əsası isə, erməni lobbisi Azərbaycanla Türkiyə arasında bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olur və iki qardaş xalq arasında münasibətləri zəiflətməkdən ötrü bütün növ rəzilliklərə imza atır.
Artıq neçə müddətdir ki, Türkiyə ermənilərinin canfəşanlığı nəticəsində "Həpimiz erməniyiz, həpimiz Hrantız" tipli şüar bəzi qüvvələr tərəfindən də səsləndirilməkdədir. Bu zərərli amil isə, onu deməyə əsas verir ki, sözügedən şüar, həmçinin, qardaş ölkənin mətbuatında da qabardılır. Belə ki, Azərbaycana qarşı əsassız ittihamlar, sözügedən ziyanlı xəttin ölkəmizdə bəzi siyasi qüvvələr və qəzetlər tərəfindən dəstəklənməsi bir anti-türk mərkəzi tərəfindən təşkil olunmuş və idarə edilən prosesdir.
HƏMİN QÜVVƏLƏR TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA SƏRHƏDLƏRİN AÇILMASI VƏ DİPLOMATİK ƏLAQƏLƏRİN QURULMASINI GÜNDƏMƏ GƏTİRMƏK İSTƏYİ İLƏ BU KİMİ MƏNFUR ADDIMLARINI GERÇƏKLƏŞDİRMƏYƏ CƏHDLƏR GÖSTƏRİRLƏR
Təbii ki, qeyd olunduğu kimi, burada bir məqsəd və bir iddia hökm sürür: Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaq və imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaqdır. Eləcə də, həmin qüvvələr Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını gündəmə gətirmək istəyi ilə bu kimi mənfur addımlarını gerçəkləşdirməyə cəhdlər göstərirlər. Çünki onların təbirincə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin zəifləməsi qondarma "erməni soyqırımı"nın dünya dövlətlərində tanıtdırılması, ermənilərin Türkiyəyə qarşı ərazi və maliyyə təzminatlı iddiaların reallaşdırılması, Azərbaycanın 20 faiz ərazilərindəki işğal faktını rəsmiləşdirməsi üçün düşmən qüvvələrə yetərincə və geniş imkanlar yaradır.
FRANSA SENATININ QONDARMA "ERMƏNİ SOYQIRIMI"NIN İNKARINA GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİNİN TƏTBİQİ BARƏDƏ QANUN LAYİHƏSİNİ QƏBUL ETMƏSİ, TÜRKİYƏDƏ OLDUĞU KİMİ, AZƏRBAYCANDA DA ETİRAZLA QARŞILANDI
Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməsi, Türkiyədə olduğu kimi, Azərbaycanda da etirazla qarşılandı. Azərbaycanın Prezident Administrasiyası, Milli Məclisi, ictimai təşkilatları kəskin etirazlarını bildiriblər.
Lakin hər zaman olduğu kimi, budəfəki iddialar da reallaşmamış qalacaqdır. Çünki Atatürkün "AZƏRBAYCANIN SEVİNCİ TÜRKİYƏNİN SEVİNCİ, AZƏRBAYCANIN DƏRDİ TÜRKİYƏNİN DƏRDİDİR" kimi tarixi tezisi, Ulu Öndər Heydər Əliyevin "BİR MİLLƏT, İKİ DÖVLƏT" kimi tarixi kəlamı mövcuddur. Məhz bu əhəmiyyətli prinsipi əldə əsas tutaraq, qardaşlıq tellərini möhkəmlədən Azərbaycan və Türkiyə onlara tərəf uzanan düşmən əllərini qıracaqdır!
AZƏRBAYCANI TÜRKİYƏDƏN, TÜRKİYƏNİ DƏ AZƏRBAYCANDAN ÇOX İSTƏYƏN YOXDUR
Bu gün bütün türk dünyası birləşməlidir. Türkiyə və Azərbaycan qardaşlığı və strateji müttəfiqliyi çox yüksək səviyyədədir, lakin dünyada fəaliyyət göstərən türk diasporları daha da intensiv çalışmalıdırlar. Eləcə də, Türkiyə ilə Azərbaycan arasında birlik sözdə olan məsələ deyil, əməldə, tarixdə həkk olunub.
Həmçinin, bu gün Azərbaycan -Türkiyə münasibətlərinə xələl gətirmək istəyən daxili qüvvələrin, əslində, türk olmadıqları da məlum olur. Çünki zaman-zaman bu kimi hadisələri törətməyə cəhd edənlər məhz ermənilərə işləyən xəyanətkarlardır. Ona görə də, bu gün əgər biz ortaq düşmənə qarşı birgə mübarizə aparırıqsa, bu, artıq çox önəmlidir. Ancaq təəssüflə vurğulamaq istərdim ki, Azərbaycan-Türkiyə münasibətlərini bundan sonra da pozmaq istəyənlər olacaq. Ancaq biz buna icazə verməməliyik, çünki dünyada Azərbaycanı Türkiyədən, Türkiyəni də Azərbaycandan çox istəyən yoxdur.
DÜNYADA BELƏ BİR HƏMRƏYLİK MÖVCUDDURMU?
Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi məlumatları yayılmışdır.
Bu məsələ ilə bağlı qardaş Azərbaycanın rəsmi mövqeyi də Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Milli Məclisində 125 deputatın iştirakı ilə iki gün xüsusi iclas keçirilmişdir. Milli Məclis 125 deputatın imzası ilə Fransa parlamentinin bu addımına etiraz bildirən müraciət qəbul etmiş və Senata göndərmişdir. Fransanın Azərbaycandakı səfiri qardaş ölkənin Xarici İşlər Nazirliyinə çağırılmış və xəbərdarlıq edilmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yaymışdır.
Azərbaycan Fransadakı səfirinə həmin qanunla bağlı Türkiyənin bu ölkədəki səfiri ilə birgə fəaliyyət göstərmək haqqında tapşırıq vermişdir. Dünyada belə bir həmrəylik mövcuddurmu? Bakıda bu məsələ ilə bağlı Fransa səfirliyi qarşısında etiraz nümayişləri keçirilir. Fransadakı nümayişləri göz önünə gətirin. Bu nümayişlərdə də Azərbaycanın və Türkiyənin bayraqları birgə dalğalanırdı. Bunlar qardaş ölkənin bu məsələyə necə həssas yanaşmasının göstəricisidir. Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qərarı ilə bağlı Türkiyənin gördüyü işlərlə Azərbaycanın gördüyü işləri yan-yana qoysaq, ən azından bərabər olar.
ƏHƏD ABIYEV,
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI