Məlum olduğu kimi Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Fransa Senatı tərəfindən bu qanun layihəsinin qəbul edilməsi ilkin olaraq tarix elmi baxımından ciddi mübahisələrə səbəb olan bir mövzu olaraq bilinir. Mövzu ilə bağlı tarixçilər arasında kifayət qədər yekdil bir görüş olmamasına baxmayaraq, Fransa Senatının bu tarixi məsələni həqiqət kimi qanun şəkilində qəbul etməsi elmi meyar və paradiqmaya uyğun gəlmir.
Məhz Fransa kimi Avropa ölkəsinin parlamentinin belə bir tarixi mövzuda məhkəmə hökmü mahiyyətində qərar verməsi qeyri-ciddi elmi və irrasional-siyasi düşüncənin məhsuludur. Belə ki, hələ 2001- ci ildə məşhur şərqşünas professor Bernard Lewis "1915-ci il soyqırım deyil, müharibənin qəddarca meydana çıxartdığı prosesdir" dediyində ona qarşı qeyri-ciddi siyasi reaksiyalar olmuş və hətta Fransa qanunlarına görə, ona qarşı məhkəmə iddiası qaldırılmışdır. Bütün bunlar Fransanın elmi arqumentlərə əsaslanmadan tarixi siyasiləşdirməsi mənasına gəlməkdə və bunun dünya tarixi baxımından Fransa adına intellektual bir "qara ləkə" olduğunu qeyd etməliyik. Yeri gəlmişkən soyqırımı məsələsi ilə bağlı tarixi faktların saxtalaşdırılmasını ciddi tarixi sənədlərə dayanaraq, təsvir və təhlil edən ən əhəmiyyətli kitablardan biri də Guenter Leviyə məxsusdur. Əksər qərbli intellektual elita və ziyalılar da Fransa parlamentinin bu qərarına qarşı çıxaraq, bu qanunun "araşdırma və ifadə azadlığını yox saydığını" bildirirlər.
Hüququn siyasiləşdirilməsi baxımından isə məsələ daha da ziddiyyətli bir mahiyyət daşıyır. Belə ki, hər hansı bir şəxsin söz və ifadə azadlığı baxımından öz görüşlərini Fransada soyqırımı inkar edərək dilə gətirməsi o şəxsin 45 min avro və 1 il həbs edilməsi ilə nəticələnə bilər. Məhz Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, buna işarə edərək "Fransada qəbul edilən qanunun, irqçilik və düşüncə azadlığının qətliamı" olduğunu bildirdi. Hüquqi-siyasi cəhətdən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu belə bir qərara qarşı Avropa Birliyindən qınama açıqlamasının gəlməməsinin onların siyasi ikiüzlülüklərini ortaya qoyduğunu ifadə edir. Bu mənada, Fransa Avropa dəyərlərini alt-üst etmişdir. Məhz Davudoğluna görə, belə bir köklü dövlət ənənəsinə malik olan bir ölkənin prezidentinin lokal hesablarla hərəkət etməsi onun geniş siyasi görüşə malik olmadığını göstərir. Bu, Avropa siyasəti üçün təhlükəlidir. Məhz Sarkozi bu hərəkəti ilə "ifrat sağı" öz ətrafında toplamaq istəyir və bu siyasi cəhətdən çox təhlükəlidir.
Qeyd olunmalıdır ki, məşhur New Yorker jurnalı yanvar sayında Fransa prezidenti Sarkozinin gündən günə düşən nüfuzundan bəhs edərək, Fransanın ən sevilməyən siyasətçisi olaraq qəbul edildiyini yazmaqdadır. Məhz Amerikanın məşhur Nyus Vik (Newsweek) jurnalı da Sarkozini 150-200 min fransız vətəndaşı olan erməninin seçkilərdə səsini alması üçün belə daxili siyasi gedişlər etdiyini vurğulamaqdadır. Bu, eyni zamanda, ifrat sağçı olan Le Penin partiyasındakı səsləri də öz ətrafında toplamaq siyasətini güdür.
Qanun layihəsi
düşüncə və söz
azadlığına qarşı
irrasional qərardır
"Le Monde" qəzetində konstitusiya hüquqçusu Robert Badinter soyqırımın inkar edilməsini Fransa Konstitusiyasına müvafiq olmadığını təsvir və təhlil edən yazı qələmə almışdır. Ona görə Osmanlı türklərinin soyqırımı həyata keçirdiyinə dair heç bir beynəlxalq məhkəmə qərarı yoxdur. Bu vəziyyətdə Fransa parlamenti beynəlxalq hökmü qəbul edən bir qanun çıxartmır. Əksinə, özü sanki məhkəmə orqanı kimi hökm verir. Bu mənada, qanunverici orqanın məhkəmə fəaliyyətini yerinə yetirməsi konstitusiyaya uyğun deyildir. Burada Hitler Almanyası tərəfindən yəhudilərə tətbiq olunan soyqırımla bunun müqayisə edilə bilməyəcəyi də vurğulanır. Çünki yəhudi soyqırımı BMT qərarına və Nürnberq hərbi məhkəməsi tərəfindən qəbul edilmiş maddələrə görə Fransa parlamenti tərəfindən qəbul edilmişdir.
Qanuna şiddətlə qarşı çıxan və Senatda 16 yerə malik olan Avropa Demokratiya və Sosial Birlik Qrupu sədri Jacques Mezard qrup olaraq konstitusiyaya müvafiq olmayan bu qanunu Konstitusiya Məclisinə təqdim etmə qərarı aldıqlarını bildirdi. O, konstitusiyanın 61-ci maddəsinə uyğun olaraq bütün qruplardan bu qanunu təsdiq etməyən 197 senator arasından 60 imzanın toplanması məqsədi ilə çalışmalara başlandığını qeyd edir. Mezard, qanunun ifadə azadlığını tənzimləyən 34-cü maddəsinə uyğun olmadığını qeyd etmişdir. Bu kontekstdə qanunun konstitusiyaya zidd olduğunu iclasda ciddi arqumentlərlə müdafiə edən sosialist olan, Konstitusiya Məclisinin sədri Jean Pierre Sueur də digər Senat üzvləri ilə qərarın qeyri-rasional olduğunda israr edirlər.
Beynəlxalq Amnistiya Təşkilatı da qanun layihəsinin ifadə azadlığına zərbə vurduğunu bildirərək, "Əgər bu qanun tətbiq olunarsa, Fransa ifadə azadlığının dəstəklənməsi mövzusunda beynəlxalq cavabdehliyə qarşı tərs hərəkət etmiş olacaqdır".
Fransa parlamentinin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməsi Azərbaycanda da böyük rezonans doğurmuşdur. Həm dövlət, həm siyasətçilər, həm də ictimaiyyət belə bir qanunun qəbul olunmasını birmənalı şəkildə rədd edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bir qanunun qəbul olunmasının "düşüncə və söz azadlığına ciddi zərbə vurduğunu və müasir Fransa tarixində qara bir ləkə" olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da Azərbaycanın Türkiyə ilə dost deyil, qardaşlıq münasibətində olduğunu qeyd edərək, "İstənilən qüvvə bilməlidir ki, Azərbaycan və Türkiyə hər zaman gücü bir yerə vuracaq" demişdir.
Fransa Senatının belə bir siyasi qərarı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk Qrupunun həmsədri kimi Fransanın neytral mövqe tutmasına kölgə salmaqdadır. Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun da qeyd etdiyi kimi, "Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir".
Nəticədə Fransa Parlamenti və xüsusilə, hal-hazırdakı Sarkozi hökuməti tarixi və hüquqi-siyasi cəhətdən gələcək adına qeyri-ciddi, düşünülməmiş addımlar atmaqdadır. Bu, Fransada siyasi gedişlərdə rasionallığın irrasionallıqla, aydınlığın qaranlıqla ört-basdır edildiyi bir insanlıq komediyası oynanıldığını göstərir.
Rəşad İlyasov,
fəlsəfə doktoru