Dünən "Səs" qəzetinin redaksiyasında qocaman jurnalist, "Tərəqqi" medalı və "Əməkdar Jurnalist" fəxri adına layiq görülmüş qəzetin baş redaktorunun müavini Valeh Məhərrəmlinin 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, YAP İdarə Heyətinin üzvü, millət vəkili Mübariz Qurbanlı yubilyarı təbrik edərək bildirib ki, "Səs" qəzeti daim öz ənənəsinə sadiq qalaraq YAP-ın ideoloji işini cəsarətlə və uğurla həyata keçirib.
Bu baxımdan V.Məhərrəmli uzun müddətdir ki, "Səs" qəzetində öz qələmi ilə həm jurnalistikamıza, həm də Yeni Azərbaycan Partiyasının ideologiyasına xidmət edir: "Biz bu gün buraya "Səs" qəzetinin baş redaktor müavini V.Məhərrəmlinin 60 illik yubileyini təbrik etmək üçün yığışmışıq. Valeh müəllim uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olsa da, "Səs" qəzeti fəaliyyətə başladığı gündən burada çalışan ilk jurnalistlərdən biridir. O həm jurnalist, həm də tərcüməçi, həm də şair kimi tanınmış insandır. Valeh Məhərrəmli Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətini öz qələmi ilə cəmiyyətə çatdıran şəxslərdəndir. Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının İcra katibliyi və İdarə Heyəti adından Valeh müəllimi doğum günü münasibətilə təbrik edir, ona bu yorulmaz fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Hesab edirəm ki, V.Məhərrəmli bundan sonra da Yeni Azərbaycan Partiyasının ideologiyasına mərdliklə, peşəkarlıqla xidmət edəcək və partiyanın gələcək uğurlarında da yaxından iştirak edəcək".
Sonra "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının inkişafına daim xüsusi diqqət göstəriblər: "Ayrı-ayrı dövrlərdə həm Ulu Öndərimiz, həm də cənab Prezidentimiz "Səs" qəzetinin fəaliyyətinə xüsusi önəm veriblər, işini yüksək qiymətləndirərək əməkdaşlarını müxtəlif dövlət mükafatlarına layiq görüblər. V.Məhərrəmli də mükafatçılar sırasında olmuşdur. Bu gün Yeni Azərbaycan Partiyası İcra Katibliyinin qəzetimizin əməkdaşı V.Məhərrəmlini təbrik etməsini də "Səs" qəzetinin kollektivinə olan diqqətin davamı kimi başa düşürük. Buna görə də, Partiyamızın rəhbərliyinə qəzetimizin kollektivi adından minnətdarlığımı bildirirəm".