Fransanın "erməni soyqırımı"nı kriminallaşdıraraq, bununla bağlı Senat səviyyəsində qərar qəbul etməsi bütün türk-islam dünyasında qəzəbə, nifrətə səbəb olub. İctimai etiraz birmənalı şəkildə ondan ibarətdir ki, Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmalıdır. Amma bu halda, sual yaranır bu məsələ reallaşarsa, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının uzanmasına gətirib çıxarmayacaq ki? Söhbət etdiyimiz politoloqlar fərqli münasibət bildirdilər. Politoloqlar həm də Soçidə prezidentlərin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziyalıların, elm adamlarının təmaslarının qurulmasına da münasibət bildirib, bunu "Xalq Diplomatiyası"nın vacib elementlərindən biri kimi dəyərləndirdilər.
Elman Nəsirli,
politoloq:
- Soçidə prezidentlərin üçtərəfli görüşü çərçivəsində imzalanmış bəyanatda diqqəti cəlb edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziyalıların, elm adamlarının təmaslarının olmasıdır. Bu da "Xalq Diplomatiyası"nın vacib elementlərindən biridir. İki ildən çoxdur ki, Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir. Bu görüşlər nəticəsində münaqişənin həlli ilə bağlı heç bir müsbətə doğru nəticə əldə olunmayıb. Bu danışıqların da heç bir nəticə verməməsinin əsas səbəbi işğalçı Ermənistanın qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ilə bağlıdır. Bu məntiqdən çıxış edərək, "Xalq Diplomatiyası"na istinad edilməsi variantı da nəticəsiz qala bilər Amma "Xalq Diplomatiyası" müəyyən mənada, münaqişənin həllinə təkanverici funksiyanı həyata keçirə bilər. Son nəticədə problem, təbii ki, siyasi danışıqlar yolu və dövlət başçıları səviyyəsində razılaşma əsasında həllini tapacaqdır. "Xalq Diplomatiyası" yolu ilə bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması mümkün deyil. Sadəcə olaraq, bu münaqişənin dövlət başçıları səviyyəsində həlli prosesinə "Xalq Diplomatiyası" təkən verə və müəyyən mənada intensivlik gətirə bilər.
"Rusiyanın Ermənistanla Azərbaycan arasında humanitar əlaqələrin qurulması üçün vasitəçilik edəcəyini bəyan etməsi nəyə hesablanıb" sualına isə E. Nəsirlinin cavabı belə oldu:
- Rusiyanın Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulması istiqamətində səyləri ola bilər. Amma humanitar missiya özündə iqtisadi yükü daşımamalıdır. Bu missiya dedikdə, Rusiya elm adamlarının görüşünün təşkil edilməsində və ziyalıların təmaslarının qurularaq, həyata keçirilməsində vasitəçilik missiyasından çıxış edə bilər. Azərbaycan dövləti isə buna etiraz etmir. İqtisadi məsələlərə gəlincə, Rusiya və digərlər ölkələrin istəyindən asılı olmayaraq, iqtisadi münasibətlərin qurulması qeyri-mümkündür. Çünki Azərbaycan dövlətinin bu məsələdə konkret və dəyişməz siyasəti var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. E.Nəsirli onu da bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrliyində Fransanın qalması Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir ciddi dəyişikliyin olmasına səbəb olmayacaq. Fransanın son hadisələrdə olan davranışı, bir daha onu təsdiqlədi ki, o, neytral dövlət deyil.
Rüstəm Məmmədov
politoloq:
- Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması Dağlıq Qarabağ münaqişəsinə müsbət təsir edə bilər. Demək olar ki, bu günə qədər də, adıçəkilən ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli olunması ilə bağlı hər hansı bir ciddi addım atılmasının şahidi olmamışıq. Çünki Fransa hər zaman Ermənistanın maraqlarını müdafiə edib. Həmsədrlik İnstitutunun çox vacib tələblərindən biri həmsədr ölkənin neytral olmasıdır. Yəni, həmin dövlətin tərəfsiz və dürüst mövqedə çıxış etməsidir. Amma Türkiyəyə münasibətdə qondarma "erməni soyqırımı" ilə bağlı məsələlərdə Türkiyə-Fransa prezidenti səviyyəsində və ali qanunverici hakimiyyət səviyyəsində bir daha aydın oldu ki, Fransa hakimiyyəti heç bir halda tərəfsiz deyil.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin gediş-gəlişi məsələsinə toxunan R.Məmmədov bildirdi ki, bu gün mətbuatın gündəmdə duran məsələlərindən biridə "Xalq Diplomatiyası"dır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə məsələsində "Xalq Diplomatiyası" təkan verə bilər. Amma bu faktdır ki, bu gün münaqişənin həll edilməsini təmin etməyənlər də beynəlxalq qüvvələrdir. Əgər beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin həll etmək istəyirlərsə, bu, baş verər, yox əgər istəmirlərsə, "Xalq Diplomatiyası" kimi formatların heç bir xeyiri olmayacaq.
GÜLYANƏ