PDF Oxu

Sosial

  • 6

“XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı”

“XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı”

Dünən Masallı şəhər 4 saylı tam orta məktəbində "XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı" mövzusunda tədbir keçirilibdir. İlk öncə, Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra 26 fevral Xocalı faciəsinin iyirminci ildönümü ilə bağlı keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əsədullayeva açaraq, bildirdi ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri də tarixin açılmamış səhifələrindən biridir. O, vurğuladı ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatun, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-ci motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt etdilər. Onlar, həmçinin, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirdilər. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları, məhz azərbaycanlı olduqlarına görə, tamamilə məhv etmək niyyətilə törədilib".

Tədbirdə Masallı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov çıxış edərək, bildirdi ki, ermənilərin Xocalı faciəsini törətməsindən 20 il keçir: "Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi, nəticə etibarı ilə, XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarıb".

O, qeyd etdi ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdır: "Cinayət cəzasız qala bilməz. Xocalı faciəsi bəşər övladına qarşı törədilmiş genosid və etnik təmizləmə hadisələri içərisində ən dəhşətlərindən biri olmuşdur. Hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakçı olmuş şəxslər vaxt gələcək tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar".

Tədbirdə Masallı rayon icra hakimiyyətinin məsul işçisi Seyfəddin Əliyev çıxış edərək, bildirdi ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə, bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi: "Bu, elə bir tarixdir ki, bizdən sonrakı nəsillər də xalqımıza qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız insanın qanına batmış cəlladları, onların əlaltılarını lənətləyəcək, soyqırımına məruz qalan vətən övladlarını zaman-zaman xatırlayacaqdır".

Anım mərasimində Masallı rayon təhsil şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov, Kolatan məktəbinin müəllimi Uğur Ağayev və başqaları çıxış edərək, ermənilərin Xocalıda törətdikləri qırğınlardan ətraflı söhbət açdılar. Çıxış edənlər bildirdilər ki, doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayır: "Biz inanırıq ki, Ümumilli Liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq".

Tədbir məktəb şagirdlərinin "Xocalıya qayıdacağıq" adlı səhnə kompozisiyası ilə başa çatdı.


R.HÜSEYNOVA

Digər xəbərlər