Fransa Senatı tərəfindən qəbul edilmiş məlum və qərəzli qərarla bağlı dünya mətbuatında bir çox xəbərlər, məqalələr yer almaqdadır. Təbii ki, həmin xəbər və məqalələr arasında bir çox incə məqamlar dayanır ki, həmin məqamlardan biri də Azərbaycan-Türkiyə qardaşlığının, strateji əməkdaşlığının prioritetləri əsas mövzu kimi gündəmə çıxarılır. Belə ki, qondarma "erməni soyqırımı"nın senat tərəfindən qəbul edilməsi istiqamətində Azərbaycan tərəfinin haqlı etirazları bu müstəvidə daha çox diqqət çəkir ki, həmin diqqət qardaş Türkiyə mətbuatında da geniş şəkildə işıqlandırılmaqda davam edir. Eyni zamanda, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ərəfələrdə verdiyi "Türkiyə hər zaman qardaş Azərbaycanı öz yanında görüb" bəyanatı bu amillərin nə qədər əhəmiyyət kəsb etməsinə olan tarixi işarədir.
ZAMAN QƏZETİ: " TÜRKİYƏ VƏ AZƏRBAYCAN QARDAŞLIĞI ƏBƏDİDİR"
Zaman" qəzetinin verdiyi növbəti xəbərində Milli Məclisin Sədri Oqtay Əsədovun "Fransa qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirmişdir" sözləri başlığa çıxarılmışdır. Yazıda azərbaycanlı millət vəkilləri Məlahət İbrahimqızının və Qənirə Paşayevanın mətbuata verdikləri açıqlamaları bir daha türkiyəli oxucuların diqqətinə çatdırılmışdır: "Milli Məclisin bütün üzvləri Azərbaycanın daim Türkiyənin yanında olacağı qənaətindədirlər"
Eyni zamanda, "Zaman" qəzetində vurğulanır: "Bu gün çox həssas bir məqamda iki qardaş ölkənin arasında nifaq toxumu səpmək istəyən qüvvələr də mövcuddur. Ancaq həmin qüvvələrin bunu etməyə nə cürətləri, nə də ki, gücləri çatacaq".
ANADOLU İHLAS AGENTLİYİ: " AZƏRBAYCAN DÖVLƏTİ VƏ XALQI HƏR ZAMAN LAZIMİ REAKSİYASINI BİLDİRMİŞDİR"
Türkiyənin digər nüfuzlu qəzetləri, informasiya saytları, televiziya kanalları da Anadolu və İhlas xəbər agentliklərinin azərbaycanlı deputatların dəstəyi ilə bağlı xəbərlərinə geniş yer ayırmışlar.
Belə ki, Türkiyə mətbuatı qondarma qərara qarşı təzyiqlərin gücləndirilməsi üçün Azərbaycandan lazımi reaksiya olduğunu bəyan ediblər. Onlar qardaş dövlət kimi Azərbaycanın daha həssas mövqe sərgiləməyini, dövlət tərəfindən məsələyə ən yüksək səviyyədə münasibət göstərdiklərini açıqlayıblar: "Azərbaycan bütün zamanlarda lazımi reaksiyasını bildirmiş və bununla da öz qardaşlığını sübuta yetirmiş bulunmuşdur".
HÜRRİYYƏT QƏZETİ: "AZƏRBAYCAN ZİYALILARINA, DÖVLƏT VƏ PARLAMENT ÜZVLƏRİNƏ TƏŞƏKKÜR EDİRİK"
"Hürriyyət" qəzeti Azərbaycan dövlətinin və xalqının göstərdiyi həssaslığı xüsusi qeyd edib, keçirdiyi aksiyalara görə ürəkdən təşəkkür etdiyini yazıb: "Qardaşlığa yaraşan bir qərarlılıq ortaya qoydular. Azərbaycan ziyalılarına, dövlət və parlament üzvlərinə təşəkkür edirik.
GÜNƏŞ QƏZETİ: " ƏSLİNDƏ, HƏR ŞEY ORTADADIR"
Nüfuzlu "Günəş" qəzeti isə yazır ki, artıq bir neçə müddətdir ki, türk mediası, xüsusilə, qəzetlər Azərbaycanı Türkiyə-Fransa məsələsində qınamaq istəyirlər: "Əslində, hər şey ortadadır. Həm rəsmi səviyyədə Azərbaycanın münasibəti, həm də Azərbaycan xalqının münasibəti görünür. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətlərində problem görmürük. Bakıda Fransa səfirliyi qarşısında piketlər ötən ilin dekabrından bu ölkənin parlamentinin Aşağı Palatasında qondarma "erməni soyqırımı" ilə bağlı qanun müzakirəyə çıxarılandan keçirilir. Fransa Senatı bu qərarı qəbul etdikdən sonra etiraz aksiyaları xüsusilə intensiv xarakter alıb. Xaricdə yaşayan azərbaycanlılar da dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara qatılıblar. Bununla bağlı Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb".
Onu da qeyd edək ki, Türkiyə meqamediasının, demək olar ki, bütün qurumları mövzu ilə bağlı Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəkdən bəhs ediblər. TRT, TQRT, KANAL 6, HABER 24 və başqa televiziya kanalları, eləcə də, informasiya şəbəkələri bu dəstəyin davamlı olmasını vurğulayırlar.
R.NURƏDDİNOĞLU