PDF Oxu

Sosial

  • 21

Ölkəmizin iqtisadi göstəriciləri durmadan artmaqdadır

Ölkəmizin iqtisadi göstəriciləri durmadan artmaqdadır

Dünən Nəsimi rayonunda 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurularaq, 2012-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı geniş tədbiri keçirildi. Azərbaycan Dövlət Tibb Universitetinin akt zalında hesabat yığıncağında məruzə ilə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.

N.Məhəməliyev Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri açıldığını və regionların yüksək inkişafının təmin olunduğunu vurğuladı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının paytaxtla yanaşı, bütün bölgələrini əhatə etdiyini bildirən N.Məhəməliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi daxili və xarici siyasət xəttinin, düşünülmüş iqtisadi və hüquqi islahatların real nəticələrinin ötən ilin yekunlarında özünün bariz əksini tapdığını vurğuladı

Ölkəmizdə davam edən inkişaf tendensiyasının Bakının Nəsimi rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərdiyini bildirən rayon icra hakimiyyətinin başçısı N.Məhəməliyev bildirdi ki, ötən il rayonda ilin yekunlarına görə sənaye müəssisələri üzrə ümumi məhsul buraxılışının həcmi 1 milyard 132 min 228,8 manat, sənaye məhsulunun həcmi 341 milyon 224,7 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 340 milyon 309,2 min manat olubdur: "2011-ci ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 706 milyon 261,7 min manat olubdur ki, bu da keçən illə müqayisədə 1,4 faiz artım deməkdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə ötən illə müqayisədə 12 faiz artaraq, 681 milyon 783,4 min manata çatıbdır. Həmçinin, ötən ildə əhalinin orta aylıq əmək haqqı ötən illə müqayisədə 8 faiz artaraq 402,1 manat olub".

Natiq onu da vurğuladı ki, ötən ildə Nəsimi rayonunda geniş miqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır: "Belə ki, rayonun H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri, Vaqif, Azadlıq, Neftçilər, Tbilisi prospektlərində, mikrorayon ərazisindəki məhəllələrdə, mövcud park və bağlarda, ümumilikdə, 10000-ə yaxın ağac və dekorativ gül kolları əkilmiş, rayon ərazisində yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Rayon ərazisində dağ yəhudiləri dini icması üçün sinaqoqun tikintisinə başlanılmış, Hacı Əjdərbəy məscidinin (Göy məscid) yeni korpusunun inşasına başlamaq üçün hazırlıq işləri başa çatdırılmışdır. Ötən ildən təmirinə başlanılmış "Zabitlər" parkında aparılan yenidənqurma və abadlıq işləri tamamlanmaq üzrədir. Bakıxanov küçəsində yerləşən parkda müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi ucaldılmış, abidənin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılmışdır. Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində yerləşən piyada keçidində başlanılmış əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Hər üç tədbirin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edibdir".

Nəsimi rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, rayon ərazisində 38 təhsil müəssisəsi, o cümlədən, 29 ümumtəhsil məktəbi, 2 xüsusi məktəb, Heydər Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Atatürk Liseyi və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 44 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir: "Onu da qeyd edim ki, ötən il məktəblərin maddi-texniki bazası daha da möhkəmlənmiş, məktəblərin kompüterləşməsi işləri davam etdirilmiş, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı işlər başa çatdırılmışdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2011/2012-ci tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilmişdir".

Rayon rəhbəri ötən il ərzində Nəsimi rayon şöbəsində 25227 nəfər pensiyaçı və müavinət alan vətəndaşlara xidmət göstərilmişdir ki, bunlardan 17641 nəfəri yaşa görə, 5522 nəfəri əlilliyə görə, 2064 nəfəri isə ailə başçısını itirməyə görə müavinət alan pensiyaçılardır. Nəsimi rayonu ərazisində 10872 nəfər məcburi köçkün məskunlaşmışdır.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu. Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digər natiqlər Nəsimi rayonunun hesabatını uğurlu hesab etdilər.

Yığıncağın sonunda iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər