Ağstafa rayonunda 2011-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilibdir. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin cari və əsaslı təmiri, Ağstafa şəhərinin qaz təminatının yeraltı xəttə keçirilməsi, Heydər Əliyev və S.Vurğun adına parkların yenidən qurulması, Heydər Əliyev prospektinin əsaslı təmiri və yenidən qurulması, Ü.Hacıbəyli və H.Arif küçələrində hasarların dekorativ üsulla üzlənməsi, yaşıllığın salınması və s. bu kimi işlər Dövlət Proqramının tərkib hissəsidir. M.Ə.Rəsulzadə küçəsi, 92 ünvanda xeyir-şər mərasimlərinin keçirilməsi üçün binanın tikilib istifadəyə verilməsi, S.Vurğun küçəsindəki 98 nömrəli yaşayış binasının dam örtüyünün dəyişdirilməsi və əsaslı təmiri, içməli su və kanalizasiya xəttinin tikintisi, Ağstafa-Sadıqlı yolunun inşası, kəndarası yollara xır örtüyünün salınması və abadlıq işlərinin aparılması da bu məqsədə xidmət edir. Rayon rəhbəri onu da vurğulayıb ki, ötən il Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 96.897 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 39,5 faiz çoxdur: "Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2010-cu illə müqayisədə 38,1 faiz artıbdır. Hesabat ilində sənaye məhsulunun həcmi 3.888 min manat, 2010-cu illə müqayisədə 13,2 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 33.916 min manat, əvvəlki illə müqayisədə 11,4 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 31.288 min manat, əvvəlki ilə nisbətən 2,5 dəfə çox olub. Halbuki ötən ilin birinci yarısında bu rəqəm 3.622 min manat olmaqla, 8,8 faiz azalma qeydə alınıbdır. Keçən il rayonda 435 hektar sahədə üzüm bağları bərpa olunubdur. Rayonda üzüm istehsalı müəssisələrinin bazasında yaradılmış "Moşu" ASC və "Ümid" firmasında üzümün ilkin emalı üçün şərait olmasına baxmayaraq, istehsal olunan 4.888 ton üzüm məhsulu müəssisələr tərəfindən qəbul olunmadığına görə istehsalçılar məhsullarını qonşu rayonların üzüm emalı müəssisələrinə ucuz qiymətə satmaq məcburiyyətində qalmışlar və nəticədə xeyli miqdarda üzüm xarab olmuşdur. İlin ikinci yarısında rayonda tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasının nəticəsidir ki, 27,7 milyon manat dəyərində iş görülmüşdür. Nəqliyyat xidmətində 18,3 faiz, ticarətdə 22,5 faiz artım olub, rabitə xidməti 2,8 faiz azalıbdır. Əvvəlki illə müqayisədə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 19,8 faiz artıbdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 167 manat olub".
M.Quliyev onu da bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Ağstafa rayonunda nəzərdə tutulmuş müvafiq tədbirlərə uyğun həyata keçirilir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən bir sıra tədbirlər nəticəsində ötən il rayonda 675 nəfər işlə təmin olunubdur.
Rayon rəhbəri cari işlərlə bağlı məlumat verərək bildirib ki, hazırda S.Vurğun adına Parkda tikinti-abadlıq işləri planlı şəkildə davam etdirilir. Xalq şairinin yeni büstünün, onun yaradıcılığını ifadə edən "Kitab abidəsi"nin quraşdırılması işləri aparılır. Parkda əyləncə mərkəzinin, fəvvarənin və oturacaqların tikintisi, əraziyə səki daşlarının döşənməsi işləri başa çatmaq üzrədir. Parkın suvarma və işıqlandırma sistemləri də müasir şəkildə yenidən qurulur. Ağstafa şəhərində Dövlət Bayrağı meydanının tikintisi üçün müvafiq sahə ayrılmış, 50 metr hündürlüyündə bayrağın ucaldılması üçün texniki-təşkilati işlər görülür. Həmçinin, şəhərin Tovuz və Qazax rayonları istiqamətindəki girəcəyində rayonun və şəhərin adını əks etdirən yeni memarlıq tikintiləri davam etdirilir.
Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Nizami Cəfərov, İlyas İsmayılov və Əhməd Vəliyev çıxış edərək, qarşıda duran vəzifələrdən danışıblar.
R.Kamalqızı