Ukraynada fevral ayı Xocalı ayı elan olunub. Ukrayna Azərbaycanlı Gənclər Birliyi bununla bağlı keçirdiyi toplantıda Ukraynanın bir sıra yerli gənclər təşkilatlarının da "Xocalıya ədalət" kampaniyasına qatıldıqlarını elan edib.
Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin soyqırımı faktının beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib. Bu istiqamətdə, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdırıb. Birliyin fəalları Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev və digərləri ötən il İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının Xocalı ayı elan olunmasının əhəmiyyətindən danışıblar. Onlar, ənənəyə uyğun olaraq, bu il də Xocalı ayı çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulayıblar. Qeyd olunub ki, Xocalı adi bir faciə deyil. Bu, insanlığa qarşı törədilmiş bəşəri cinayət və əsl soyqırım siyasətidir. Toplantıda çıxışlarını bu notlar üzərində quran Ukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva və Kiyev Gənclər Mərkəzinin sədri Roman Qriqorişin Xocalı soyqırımının Ukrayna ictimaiyyətinə çatdırılması üçün rəhbərlik etdikləri təşkilatların "Xocalıya ədalət" kampaniyasına qoşulduğunu elan ediblər.
Toplantıda, tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında "Xocalıya ədalət" yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletlərinin paylanması, adıçəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsini özündə əks etdirən sənədli filmlərin nümayiş etdirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi və adıçəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək, yekdilliklə təsdiq olunub.
ZÜMRÜD