Fransanın "erməni soyqırımı"nı kriminallaşdıraraq, bununla bağlı Senat səviyyəsində qərar qəbul etməsi bütün türk-islam dünyasında qəzəbə, nifrətə səbəb olub. İctimai etiraz birmənalı şəkildə ondan ibarətdir ki, Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmalıdır. Amma bu halda sual yaranır, bu məsələ reallaşarsa, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxarmayacaq ki? Demək olarmı ki, Fransa ermənipərəst mövqe sərgiləyir? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Elçin Mirzəbəyli,
politoloq:
- Fransanın vasitəçiliyi prinsip etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlməyib. Bu günə qədər münaqişə ətrafında aparılan danışıqların hər hansı bir ciddi nəticə vermədiyini və irəliləyiş olmadığını nəzərə alsaq, o zaman Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması nəticəsində də hər hansı bir ciddi neqativ nəticələrində ortaya çıxacağını gözləmək sadəlövhlük olar. Fransa dövlətinin mövqeyi heç vaxt Azərbaycanın ədalətli mövqeyinin möhkəmləndirilməsinə xidmət etməyib. Yəni, bu ölkə də digər həmsədr ölkələr kimi münaqişənin həllinə ikili standartlardan çıxış etməkdədir. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan ilk gündən Fransanın həmsədrlik təyinatına etiraz edən dövlət olub. Yəni, ölkəmiz Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunmasının əleyhinə olub. Bu baxımdan, Ermənistanın maraqlarına xidmət edən Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması hər hansı bir dəyişikliyə səbəb olmayacaq. Bir sözlə, burada önəmli olan ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunan Fransanın yerinə kim gələcək və bu dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində hansı mövqeyi sərgiləyəcək? Yəni, bizim üçün önəmli olan budur. Fransanın ermənipərəst mövqe sərgiləməsi, qondarma "erməni soyqırımı"nın kriminallaşdırılması ilə bağlı qanunun qəbul olunmasında açıq şəkildə özünü büruzə verdi. Demək olar ki, hər zaman Fransa dövlətinin siyasətçilərinin mesajlarında və bəyanatlarında Ermənistana qarşı olan isti münasibət hiss olunub. Bu baxımdan, Fransanın ermənipərəst mövqe yürütdüyü heç kimə sirr deyil. Yəni, bu dövlətin ədalətsiz mövqe sərgiləməsi göz önündədir.
Qabil Hüseynli,
politoloq:
- Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxaran iki səbəbkar dövlətin biri Fransa, digəri isə Rusiyadır. Əgər ATƏT-in Minsk Qrupu həmsədrliyində fəaliyyət göstərən səbəbkarlardan biri uzaqlaşdırılarsa və yerinə obyektiv bir dövlət gətirilərsə, onda Dağlıq Qarabağ probleminin həlli məsələsi işlək formata çevrilə bilər. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması Dağlıq Qarabağ münaqişəsinə müsbət təsir edə bilər. Adıçəkilən ölkənin Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı hər hansı bir ciddi addım atılmasının şahidi olmamışıq. Çünki Fransa hər zaman ermənipərəst mövqe sərgiləyib.
GÜLYANƏ