PDF Oxu

Sosial

  • 9

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti ölkənin dinamik inkişafını təmin edir

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti ölkənin dinamik inkişafını təmin edir

Dünən Binəqədi rayon icra hakimiyyətində 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərin yekunu ilə və 2012-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı geniş tədbir keçirildi. İlk olaraq tədbir iştirakçılarına Binəqədi rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən bəhs edən sənədli film təqdim olundu. Filmdən sonra Azərbaycan Dövlət Himni səsləndirildi. Qeyd edək ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Milli Məclisin deputatı Madar Musayev, Respublika Kommersiya Sığorta Şirkətinin sədri Məmməd Məmmədov iştirak edirdilər.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev ötən il Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi. O bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və dünyanın nüfuzlu siyasətçilərindən biri olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla davam etdirilən çevik sosial - iqtisadi siyasət ötən illərdə olduğu kimi, 2011-ci ili də uğurla başa vurmağa imkan yaradır.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti neft-qaz sektoru ilə yanaşı investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı, qeyri-neft sektoru, turizm və digər sahələrdə də dinamik inkişafı təmin etmişdir. İcra başçısı ötən ilin mühüm hadisələrindən birinin "2011 - 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramı"nın olduğunu bildirdi: "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı çərçivəsində Binəqədi rayonunda da çox böyük işlər görülməkdədir. 2011-ci ildə Binəqədi rayonunda metronun Dərnəgül stansiyası, Bakı Tennis Akademiyasının mərkəzi tennis kortu, "Bakı" futbol klubunun təlim-məşq kompleksi kimi iri obyektlər istifadəyə verilmişdir. Hazırda metronun Avtovağzal və Depo stansiyalarında, Moskva Dövlət Universitetinin Bakı filialında, Heydər Əliyev ictimai mərkəzində, Z.Bünyadov prospektindəki yol ötürücüsündə inşaat işləri sürətlə davam edir. Dövlət Proqramı çərçivəsində Binəqədi rayonunda 77 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərdən 13-nün icrası 2011-ci ildə planlaşdırılmışdır. Onlardan 7-sinin icrası təmin olunmuşdur.Binəqədi rayonunun qəsəbələrində məhəllədaxili yolların asfaltlanması sahəsində də xeyli işlər görülmüşdür." Binəqədi rayon icra hakimiyyəti, ötən illərdə olduğu kimi, 2011-ci ildə də rayon ictimaiyyəti, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə Prezident cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən və onun rəhbərliyi ilə həyata keçirilən strateji xəttə uyğun olaraq, qarşıya qoyulan vəzifələri həyata keçirilməyə çalışıb. Natiq il ərzində rayon ərazisində, yaşayış məhəllələrində uşaq meydançalarının, məhəllədaxili yolların təmirinin davam etdirildiyini, rayonun mənzil fondunun yaxşılaşdırılması üçün bir sıra işlər görüldüyünü diqqətə çatdırdı:"Ötən illərdə möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanaraq həyata keçirilmiş müxtəlif Proqramlar çərçivəsində, Bakı şəhərinin hər yerində olduğu kimi, bizim rayonun da qəsəbələrində əhalinin elektrik enerjisi, içməli su, təbii qaz ilə təminatının yaxşılaşdırılması, yol infrastrukturunun inkişafı, təhsil və səhiyyə müəssisələrinin, idman və mədəniyyət obyektlərinin tikintisi, sosial problemlərin həlli istiqamətində çox böyük işlər görülmüşdür və bu işlər 2012-ci ildə də daha böyük vüsətlə, daha geniş miqyasda davam etdiriləcək".

Binəqədi rayon icra hakimiyyəti ötən il müddətində də orta ümumtəhsil, məktəbəqədər, orta ixtisas və ali təhsil ocaqlarında gənc nəslin təlim-tərbiyəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsində yaxından köməklik göstərmişdir. İcra başçısı onu da diqqətə çatdırdı ki, 2010-2011-ci tədris ilində Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında, həmişə olduğu kimi, bu il də, Binəqədi rayonu məktəblərinin məzunları yüksək nəticə əldə etmişlər. Belə ki, məzunlar arasında 82 nəfər gənc 600-dən, 15 nəfər isə 650-dən çox bal toplamışdır. Bu tələbələrdən 5-i Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Prezident Təqaüdünə" layiq görülmüşdür. Respublika üzrə 700 bal toplamış 4 abituriyentin biri Binəqədi rayonunun məzunudur. Ötən il səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, 18 dövlət və 9 özəl tibb müəssisəsi tərəfindən əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün bir sıra işlər görülmüşdür. A.Qocayev ötən il ərizində "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlərin reallaşdığını da söylədi.

Rayon rəhbəri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə möhtərəm Prezidentimiz tərəfindən verilmiş fərman və sərəncamları əldə rəhbər tutaraq, rayonun aztəminatlı ailələrinin, əlillərin, yaşlı nəslin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra işlər görüldüyünü qeyd etdi: "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq il ərzində 9553 nəfər ailə üzvünə sosial yardım təyin olunmuşdur, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq il ərzində 2296 nəfər əlilə müavinət ödənilmişdir. Rayon ərazisində yaşayan və məskunlaşan aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ və Böyük Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi rayon icra hakimiyyətinin diqqətində olmuş və bu kateqoriyadan olan vətəndaşlara milli bayramlar, əlamətdar tarixi günlər ərəfəsində müxtəlif yardımlar göstərilmişdir." İcra başçısı 2012-ci ildə görüləcək işlərə də nəzər saldı. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində işlərin görülməsi nəzərdə tutulub. Rayonun bütün qəsəbələrində - əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün yeni qaz xətləri çəkiləcək. İçməli su və kanalizasiya şəbəkəsi yenidən qurulacaqdır. Bununla yanaşı, yeni tədris korpuslarının tikiləcəyini və əsaslı təmir işlərinin aparılacağını bildirdi.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu. Məruzə ətrafında çıxış edən Binəqədi rayon Qaz İstismar sahəsinin müdiri Fərhad Vəliyev, rayon icra hakimiyyəti Rəsulzadə qəsəbəsinin nümayəndəsi Mübariz Məmmədov, "İron" mehmanxanasının meneceri Rövşən Əsgərov, 3 saylı orta məktəbin direktoru N.Novruzov və başqaları rayon ərazisində görülən işlərdən söz açıb, əldə olunan nailiyyətləri nəzərə çatdırdılar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev isə çıxışında rayon ərazisində görülən işləri yüksək qiymətləndirib, rayon hesabatını qənaətbəxş hesab etdi.

Yığıncağın sonunda iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.


ZÜMRÜD

Digər xəbərlər