PDF Oxu

Sosial

  • 15

“Azərbaycan 2020: gəncliyin gələcəyə baxışı” mövzusunda konfrans keçirilib

“Azərbaycan 2020: gəncliyin gələcəyə baxışı” mövzusunda konfrans keçirilib

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 17-19 fevral tarixlərində Qəbələ və Oğuz rayonlarında gənclərin "Qış məktəbi" layihəsini həyata keçirib. Layihə çərçivəsində Qəbələ rayonunda yerləşən Qafqaz Resort Holteldə "Azərbaycan 2020: gəncliyin gələcəyə baxışı" mövzusunda konfrans keçirilib. Tədbirin aparıcısı Sərraf Hüseynov mövzu ilə bağlı məlumat verib. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf və davam etdirilən siyasi kurs sürətli və müasir inkişaf yoluna malik Azərbaycan Respublikasının qısa zaman kəsiyində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsində mühüm şərt sayılır.

S.Hüseynov qeyd edib ki, Azərbaycanın əldə etdiyi inkişaf davamlı xarakter daşıyır. Bu mənada Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamı böyük əhəmiyyətə malikdir. S.Hüseynov deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında hər zaman fəallığı ilə seçilən, dövlətimizin inkişafına töhfə verməyə çalışan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də məhz bu Konsepsiya ilə bağlı geniş fikir mübadilələrinin aparılmasını arzulayır. Mövzu ətrafında çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov son illərdə ölkəmizdə gedən inkişaf prosesi ilə bağlı danışıb. Ə.Pənahov deyib ki, Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı Sərəncamı bu inkişafın gələcək illərdə daha yüksək səviyyədə təminatına şərait yaradacaq.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Xəyalə Qarayeva bildirib ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşılır. Qeyd olunub ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz də hər zaman gənclərimizin vətənpərvər ruhda inkişafı üçün bütün şəraiti yaradır. Konfransda iştirak edən Milli Məclisin deputatı Sahibə Qafarova bu müzakirələrin gənclərin dövlətin inkişafındakı rolunun artması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan gələcək illərdə ən inkişaf etmiş ölkələrdən birinə çevriləcək. Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə bildirib ki, Prezident İlham Əliyevin apardığı düzgün, qətiyyətli və inkişafa istiqamətlənmiş siyasi kurs ölkəmizin beynəlxalq aləmdə yaxın tərəfdaş və etibarlı əməkdaş qismində tanınmasına yol açıb. Azərbaycanın böyük iyirmilik dövlətlərinin toplantısına dəvət edilməsinin məhz bunun nəticəsi olduğunu söyləyən M.Abasquliyeva hazırlanacaq İnkişaf Konsepsiyasının bu inkişafı daha yüksək səviyyəyə çatdıracağına əminliyini ifadə edib.

Daha sonra konfrans fikir mübadilələri şəklində davam etdirilib. Qeyd olunub ki, konfransda səslənən fikirlər təkliflər paketi şəklində yığılsın. YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyası hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər. Çıxış edən digər gənclər də mövzu ilə bağlı öz təkliflərinin və fikirlərini bildiriblər.

"Qış məktəbi" layihəsinin iştirakçıları daha sonra Qəbələ rayonunun fəal gəncləri ilə görüşüblər. Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva bu görüşün böyük əhəmiyyət kəsb etməsindən söhbət açdı. Qeyd olunub ki, YAP tərəfindən həyata keçirilən qış və yay məktəbləri bu gənclərin əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Çıxış edən YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramil Qəribov qeyd edib ki, Qəbələ rayonu hər zaman öz ictimai-siyasi fəallığı ilə seçilib. YAP-ın Qəbələ rayonunda aparıcı siyasi qüvvə olduğunu bildirən YAP Qəbələ rayon Gənclər Brliyinin sədri bunun xalqımızın Ulu öndər Heydər Əliyev siyasi kursuna və Prezident İlham Əliyevə olan inam, sevgi və etimadından qaynaqlandığını deyib. Daha sonra region gənclərini maraqlandıran suallara cavab verilib.

Qeyd edək ki, "Qış məktəbi" layihəsi çərçivəsində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi və maraqlı istirahəti üçün bilik yarışları keçirilib. "Qış məktəbi" fevralın 19-da başa çatıb.

RƏFİQƏ

Digər xəbərlər