Ölkəmiz bütün sahələrdə və davamlı şəkildə nailiyyətlər əldə etdikcə, Qərbdə sifarişli fəaliyyət göstərən bəzi anti-Azərbaycan meyilli təşkilatlar həmin nailiyyətləri həzm etmədiklərini müxtəlif üsullarla sərgiləməkdədirlər. Zaman-zaman eyni xüsusiyyətləri, məzmunu və mətnləri olan qondarma bəyanatlar toz basmış rəflərdən götürülür, təşkilatdan-təşkilata göndərilir, qərəzli şəkildə ictimailəşdirilir və nəticədə, daha bir fakt üzə çıxır.
Həmin fakt isə yalnız bir reallığı əks etdirir ki, bu da xaricdə fəaliyyət göstərən erməni lobbisinin xərclədiyi pulların müqabilində verilən əmrləri yerinə yetirmək, burada radikal müxalifətdən və "hüquq müdafiə" təşkilatlarından, eləcə də, siyasiləşmiş QHT-lərdən maksimum dərəcədə "yararlanmaq". Təbii ki, erməni lobbisinin xərclədiyi pullardan bunlara da müəyyən sür-sümüklər düşür. Nəticədə, artıq ənənə şəklini almış "erməni dəyirmanına su tökmək" kampaniyasına start verilmiş olur ki, ölkənin radikal müxalifət düşərgəsi həmin işin öhdəsindən "canla-başla" gəldiyini antimilli, antidövlətçi və antixalq fəaliyyəti ilə daha öncələr də sübuta yetirib.
Beynəlxalq mahnı
müsabiqəsinə hazırlıqda dövlətlə yanaşı, xalq da iştirak edir
"Eurovision" kimi mühüm beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsindən ciddi narahatlıq keçirən "Amnesty İnternational", eləcə də, digər bu kimi qərəzli təşkilatlar sərsəm iddiaları ilə isbat etməyə çalışırlar ki, guya Azərbaycanda sözügedən beynəlxalq müsabiqə ərəfəsində insanların fundamental azadlıqları tanınmır. Amma onlardan fərqli olaraq, Qərbin nüfuzlu qurumları, siyasi dairələri, tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri ölkəmizdə gedən yüksəlişə, modernləşməyə, müasir standartlara cavab verən tərəqqi amillərinə heyran qaldıqlarını müxtəlif kürsülərdən bəyan edirlər. Bu, eyni zamanda, onun göstəricisidir ki, ölkədə bu yarışmaya təkcə dövlət deyil, həm də xalq yüksək səviyyədə hazırlaşır. Yəni xalqın firavanlığı, yaşayış səviyyəsinin yüksək təminatı imkan verir ki, "Eurovision" kimi mötəbər müsabiqənin hazırlığında, keçirilməsində dövlətlə yanaşı, xalq da yaxından iştirak etsin. Daha dəqiq desək, dövlət-xalq və xalq-dövlət vəhdəti "Amnesty İnternational"ın iddialarını tamamilə alt-üst edir.
Nəticədə, maraqlı nüans yaranır: bu kimi təşkilatlar özlərini ifşa etmiş olurlar. Yəni araşdırmalar aparılır və məlum olur ki, əslində, Qərbin özündə insanların fundamental azadlıqları ciddi şəkildə pozulur. "Amnesty İnternational" kimi qərəzli təşkilatlar isə məcburən bunu etiraf edirlər. Diqqət yetirsək, görərik ki, məhz bu adıçəkilən təşkilat istər ABŞ-da, istərsə də Qərbi Avropa dövlətlərində həm insan azadlıqlarının, həm demokratiyanın, həm də söz azadlığının boğulmasını öz hesabatlarında qeyd etməyə məcbur olurlar. Bu isə, onu deməyə əsas verir ki, təşkilatın Azərbaycana qarşı işlətmək istədiyi qərəz mexanizmi işlək olmur.
Xərclənən pullar xalqa qalacaq
Daha bir reallığı diqqətdə saxlasaq, görərik ki, "Eurovison"a ev sahibliyi etmək və qonaqların paytaxt Bakıya axını təbii olaraq beynəlxalq aləmin Azərbaycana olan diqqətini daha da artıracaq. Və sirr deyil ki, istənilən ölkə müəyyən mötəbər hadisəni yüksək səviyyədə təşkil etmək üçün öz büdcəsindən xərclər ayırır. Həmin vəsaitlər müsabiqə üçün müvafiq yerlərə xərclənir ki, bu da ölkənin nüfuzuna, tanınmasına xidmət edir. Azərbaycanda da həmin proses uğurla icra olunur ki, burada əsas məqsədlərdən biri də ölkəmizin tarixini, xüsusilə, 20 faiz işğal altında olan torpaqlarımızın hələ də azad edilməməsini dünya ictimaiyyətinə çatdırmaqdır.
Ancaq "Amnesty İnternational" kimi qərəzli təşkilatlar və onlarla hər vəchlə "işləməyə" can atan xəyanətkar qüvvələr bu reallığı tamamilə başqa istiqamətə döndərməyə cəhdlər göstərir, erməni lobbisinin xərclədiyi kirli pulları qarşısında baş əyir, rəzilliklərini nümayiş etdirirlər. Məqsədi isə "Eurovision" kimi mədəniyyət yarışmasından öz siyasi məqsədləri üçün istifadə etmək, dividendlər qazanmaqdır. Daha radikal müxalifəti və siyasiləşmiş QHT-ləri ölkənin milli, dövlətçi maraqları maraqlandırmır. Bu gün xərclənən pulların sabah xalqa, millətə, dövlətə qalacağı onlara sərf etmir. Çünki onların özlərinə heç nə qalmır və qalmayacaq. Ona görə ki, onlar özlərini xalqdan, millətdən, dövlətdən tamamilə təcrid ediblər.
Digər tərəfdən, ölkədə sözügedən məsələni öz xeyirləri səviyyəsində siyasiləşdirməyə cəhd göstərənlərin bariz nümunəsidir ki, bu gün "Amnesty İnternational" daha da həyasızlaşaraq, xarici dövlətlərin, beynəlxalq təşkilatların adından bəyanatlar yayır, Azərbaycan haqqında böhtanlı fikirlər səsləndirirlər. Çünki bu təşkilatın hesabatları bilavasitə Azərbaycanın radikal müxalifət qəzetlərindən götürdüyü dırnaqarası tezislərdən qaynaqlanır. Sonda məlum olur ki, qərəz və böhtandan "faydalanan" "Amnesty İnternational" hər dəfə radikal müxalifət ünsürlərinə istinadlar edir.
"Amnesty İnternational" cinayətin cəzasız
qalmasını "tələb edir"
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da təməli qanunlar mövcuddur və həmin qanunların icra mexanizmi konstitusiyada təsbit edilib. Və sirr deyil ki, bütün ölkələrdə qanunlar ali qanunvericiliyə əsaslanır. Belə ki, cinayət törədilirsə, həmin cinayət cavabsız qalmır. Yəni cinayət törədənlər öz cəzalarını alırlar.
Amma maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizdə demokratik mühit inkişaf etdikcə, Qərbin bəzi təşkilatları bundan da "qeyzə" gələrək, öz daxillərindəki anti-demokratik mühitə göz yumurlar. Tutalım ki, Böyük Britaniyada bloqçulara qarşı "ov kampaniyası" aparılarkən, sosial şəbəkələr dövlət tərəfindən rəsmi nəzarətə götürülərkən, ABŞ-da məlum Çikaqo hadisələrində jurnalistlər zor tətbiq edilərək döyülərkən, təqib və həbs edilərkən, Yunanıstanda əhalinin sosial sferada keçirdikləri aksiyaları xüsusi qəddarlıqla dağıdılarkən, Fransada ifadə və söz azadlığına məhdidiyyətlər Senat tərəfindən qoyularkən "Amnesty İnternational"ın səsi çıxmırdı. Ancaq ölkəmizdə kimlərsə radikal müxalifət ünsürlərinin Qərbin erməni siyasi dairələri tərəfindən aldığı tapşırıqlarına əsasən dağıdıcılıq törədərək, cinayət işləyirsə, onlar dərhal "siyasi məhbus", "vicdan məhbusu" kimi qələmə verilirlər. Və maraqlıdır ki, nəyə görə "Amnesty İnternational" məhz Azərbaycanda cinayətkarların müdafiəsinə qalxdığı zaman, təmsil olunduğu dövlətin cinayətkar ünsürlərinin azadlığa çıxarılmasını tələb etmir? Yoxsa buradakıların qaşları-gözləri onlarınkından qaradır?
Əlbəttə ki, bütün bu cür arzuolunmaz hadisələrin arxasında Azərbaycanın çörəyini yeyib, suyunu içən, sonra da həmin müqəddəs təamlara arxasını çevirərək, anti-dövlətçilik siyasəti yürüdən isa qəmbərovlar, əli kərimovlar, leyla və arif yunusovlar, rauf arifoğlular, qənimət zahidovlar və kimlər-kimlər dayanıb. Amma həmin ünsürlər (həm "Amnesty İnternational", həm erməni lobbisi, həm də onlara ucuz satılmış adlarıçəkilənlər və çəkilməyənlər) unutmamalıdırlar ki, ümumiyyətlə, onların hər bir "arzuları" sadəcə "arzu" kimi də qalacaq. Çünki onların "arzularının" reallaşmaması üçün Azərbaycan xalqı əlindən gələni edəcək. Bu isə "Amnesty İnternational"ı qorxuya salıb və həmin qorxudan əmələ gələn təşvişini gizlətmək iqtidarında deyil.
R.RƏSULOV