PDF Oxu

Sosial

  • 11

Xalqın istək və arzularını, yekdil iradəsini əks etdirən partiya

Xalqın istək və arzularını, yekdil iradəsini əks etdirən partiya

Dünən Yasamal rayon icra hakimiyyətində YAP Yasamal rayon təşkilatının yaradılmasının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiyanın yaranma zərurətindən və keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, YAP zamanın tələbi ilə yaranan partiyadır. Tarix boyu xalıqımız azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsil sahibi olmaq arzusunda olub. XX əsrin əvvəllərində xalqımız bu istəyinə nail olsa da, sevinci uzunmüddətli olmadı.

Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti şanlı tarixi olan qədim dövlətçilik ənənələrini yaşatmağa, davam etdirməyə çalışsa da, yaranmış mürəkkəb ictimai-siyasi şərait, soydaşlarımıza qarşı törədilən soyqırımlar müstəqillik qazanmaq istəyən Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini qan içərisində boğdu. Lakin bu, xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, daha da alovlandırdı. O dövrdə baş verən hadisələri xarakterizə edən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti az müddət yaşayıb. Ancaq o, iyirminci əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyub. XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi yenə də xalqımızın bu sevincinə kölgə saldı. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, digər tərəfdən silahlı qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsinin nəticəsi olaraq ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı xalqın sabaha ümidini itirməsinə səbəb olmuşdu.

F.İsmayılov qeyd etdi ki, belə çətin dövrdə ölkə ziyalıları yeni bir partiyanın yaradılması qərarına gəldilər. Ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq, bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Müraciətdə da bildirilirdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ümummilli Lider Heydər Əliyevin bu müraciətə ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu cavabında böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdir. Müraciətin sonunda Ümummilli Lider Heydər Əliyev YAP-ın yaradılmasının obyektiv zərurətdən yarandığını bildirərək, belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdir. Bildirildi ki, 1992-ci il noyabrın 21-də təsis konfransını müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıraları çox keçmədi ki, kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndi. Bu gün partiyanın sıralarında 600 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir. Partiya yarandıqdan 7 ay sonra xalqın təkidli tələbi il Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, partiyanın fəaliyyətində yeni bir dövr başlandı.

YAP Yasamal rayon təşkilatının sədri qeyd etdi ki, partiyanın yaradılmasından sonra şəhər və rayon təşkilatları yaradılmağa başladı. "1993-cü il mayın 9-da Yasamal rayonunda ziyalılar təşkilat komitəsini yaratdılar. Həmin gündən rayonda partiyanın özəkləri yaradıldı. 26 ilk təşkilat yarandı. 20 fevral 1993-cü ildə YAP Yasamal rayon təşkilatının təsis konfransı keçirildi. Bu gün fəxrlə deyə bilərik ki, YAP Yasamal rayon təşkilatı 155 ilk partiya təşkilatını ətrafında birləşdirir. Təşkilatın üzvlərinin sayı 25 mindən artıqdır."

Təşkilatın bu günlərdə VIII konfransını keçirdiyini vurğulayan F.İsmayılov qeyd etdi ki, konfransdan ötən dövr ərzində 600 nəfər partiyaya üzv qəbul olunmaq üçün müraciət edib. Bu, sözsüz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir.

YAP Yasamal rayon təşkilatının sədr müavini, YAP Yasamal rayon idarə heyətinin üzvü Tağı Əhmədov Azərbaycanın Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atdığını diqqətə çatdırdı. Bildirdi ki, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi uğurların davamlılığına inamı daha da artırır. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Əhmədov Azərbaycanın uğurlarında ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edərək, bildirdi ki, partiyanın sıraları günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. O da vurğuladı ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının müraciətinə cavabında əksini tapan fikirlər bügünkü reallıqlarımızda öz təsdiqini tapır. Bu gün partiya milyonların sevgisini qazanaraq, əldə etdiyi uğurları ilə qələbə partiyası imicini daha da möhkəmləndirir. YAP-ın ölkəmizdə qeydiyyatdan keçən 52 partiya arasında böyük nüfuza, siyasi çəkiyə malik olmasını şərtləndirən əsas amil dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsidir.

YAP Yasamal rayon idarə heyətinin üzvü, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd etdi ki, hər kəs yaşadığı dövrün xarakteristikasını vermək üçün, sözsüz ki, tarixə müraciət etmək məcburiyyətində qalır. YAP-ın keçdiyi şərəfli yola Ulu Öndər Heydər Əliyevin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" fikri bələdçilik edir. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. İqtidar partiyası olaraq YAP Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həllinə öz töhfəsini vermiş və bu gün də bu xəttə sadiqdir. İ.Mehdiyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev partiyanın fəaliyyətini yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, bizim partiya sağlam düşüncəli, sağlam fikirli xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərini həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Partiyanın hər bir üzvünün qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələrin ən başlıcası Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın ən qüdrətli, zəngin dövlətinə çevirmək işinə töhfəmizi verməkdir.

YAP Yasamal rayon təşkilatının fəal gəncləri adından Bayram Aslanov çıxış edərək, dövlətin, ölkənin aparıcı təşkilatı olan Yeni Azərbaycan Partiyasının siyasətində gənclərə diqqət və qayğının öndə dayandığını bildirdi. Vurğuladı ki, gənclərimiz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük inamla irəliləyir.

Xalq artisti, Prezident mükafatçısı Məleykə Əsədova Ulu Öndər Heydər Əliyevin xidmətlərini özündə əks etdirən şeiri səsləndirdi. Sonda partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olundu.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər