YAP Masallı rayon təşkilatının tədbirlər planına müvafiq olaraq 26 fevral Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də YAP Masallı rayon təşkilatının gənclər birliyinin təşəbbüsü ilə "Xocalı - tarixin qanlı səhifəsi" mövzusunda keçirilib. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP Masallı rayon gənclər birliyinin sədri Seymur Nuriyev çıxış edərək, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan yuxarı azərbaycanlının öz yaşayış məskənlərindən didərgin düşməsini, minlərlə insanların həlak olduğunu söylədi.
Tədbirdə YAP Masallı rayon təşkilatının üzvü Həmid Süleymanov "Xocalı- tarixin qanlı sahifəsi" mövzusunda məruzə edərək, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olduğunu vurğulayıb: "Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən, 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir".
Anım mərasimində Ərkivan kənd orta məktəbin direktoru Sübhan Şiriyev, rayon gənclər idman idarəsinin rəis müavini Fərasəddin Fərziyev, YAP fəallarından Kənan Haşımov, Namiq Abuşov və başqaları çıxışlarında mənfur düşmənimiz olan erməni quldurlarının Xocalı şəhərində törətdikləri qanlı faciədən söz açaraq, tarixdə insanlığa qarşı görülməyən soyqırımı törətdiklərini bildirdilər. Çıxış edənlər bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə, bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğuladılar: "Bu, elə bir tarixdir ki, bizdən sonrakı nəsillər də xalqımıza qarşı yönələn bu cinayətin törədilmə səbəblərinin öyrənəcək, əllər yüzlərlə insanın qanına batmış cəlladları, onların əlaltılarını lənətləyəcək, soyqırımına məruz qalan vətən övladlarını zaman-zaman xatırlayacaq".
Aytən