Dünən YAP Sabunçu rayon təşkilatı gənclərlə "Xocalı soyqırımı əsrin faciəsidir" mövzusunda faciənin 20-ci ildönümü münasibətilə anım tədbiri keçirdi. Rayon təşkilatının qərargahında keçirilən tədbirdə iştirak edən gənclər öncə, Xocalı faciəsində qətlə yetirilən soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqı üçün törətdiyi ağır nəticələrdən danışdı. M.Abasquliyeva əsrin faciəsi olan Xocalı soyqırımının tək Azərbaycan xalqına qarşı deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğuladı: "Azərbaycan xalqı, xüsusilə də, gənclərimiz bu dəhşətli faciəni unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin layiqli cavab almaları üçün əllərindən gələni etməlidirlər."
Rayon təşkilatının sədri onu da söylədi ki, beynəlxalq ictimaiyyət hələ də bu faciəyə layiqli qiymət verməyib: "Azərbaycanın bir şəhəri, bütövlükdə, yerlə yeksan edilib, 600 nəfərdən çox dinc sakin qətlə yetirilib. Lakin təəssüfedici bir haldır ki, bu cinayəti törədən şəxslər hələ də azadlıqda gəzirlər. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir".
M.Abasquliyeva çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı haqq işinin qalib gələcəyini, beynəlxalq təşkilatların, dünya dövlətlərinin ermənilərin vəhşiliyinə siyasi qiymət verəcəyini, erməni faşistlərinin beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə əmin olduğunu bildirdi.
Daha sonra YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abbasəliyev Xocalı faciəsinin bəşər tarixinin ən qanlı səhifəsi olduğunu bildirdi: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini vəhşicəsinə zəbt etdilər. Bu faciənin hələ də beynəlxalq aləmdə soyqırımı kimi tanınmaması xalqımız tərəfindən qınanılır."
R.Abbasəliyev onu da xatırlatdı ki, Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı mühüm qərarlar vermiş, beynəlxalq aləmə çağırışlar etmişdir: "Hər il fevral ayının 26-sı, saat 17-00-da Xocalı soyqırımında qətlə yetirilmiş soydaşlarımızın, vətəndaşlarımızın ümumrespublika səviyyəsində bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü məhz Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür".
R.Abbasəliyev, həmçinin, bu hadisənin daha dərindən öyrənilərək, dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasında gənclərin rolunun böyük olduğunu söylədi.
Tədbirdə YAP-ın Sabunçu rayon gənclər birliyinin üzvlərindən Namiq Muradov, Məhəmməd Əsədov və başqaları öz çıxışlarında bildirdilər ki, şəhidlərimizin intiqamı alınmayınca, işğal altında olan torpaqlar geri qaytarılmayınca, erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ruhları Tanrı dərgahında rahat olmayacaq.
A.Səmədova