PDF Oxu

Sosial

  • 14

Daxili zərbə və itirilmiş “iradə”

Daxili zərbə və itirilmiş “iradə”

Radikal müxalifət düşərgəsindəki hazırkı siyasi situasiyada artıq elə bir vəziyyət yaranıb ki, bir müddət bundan öncəyə kimi müxalifətdaxili proseslərdə "əsas iradə sahibi" olduqlarını bəyan edən bir çox partiyalar aldıqları daxili zərbələr səbəbindən həmin "iradələrini" itirməkdədirlər. Eləcə də, "siyasi prosesləri dəyişmə", "müəyyənləşdirmə" istiqamətindəki cəhdlər isə miqyasının kiçik olması, nüfuzun isə bütövlükdə, olmaması səbəbindən daha çox özfəaliyyət meyillərini xatırladır. Bu da təbii olaraq ciddi şəkildə nələrinsə dəyişilmə ehtimallarını sıfıra endirir. Yəni əvvəllər guya hakimiyyət üçün ciddi problemə çevrildiyini iddia edən radikal müxalifət artıq bu kimi açıqlamalar verməkdə acizdir. Əlbəttə ki, belə bir rəziledici şəraitin yetişməsinə səbəb olan bir neçə amil mövcuddur.


Daxili çəkişmələr və itirilmiş elektorat

Bir zamanlar radikal müxalifət düşərgəsinin dayağı onun sosial eloktoratı idi. Çünki hələ 90-cı illərin sonlarında müxalifət az-çox aksiyalar keçirməyə müvəffəq olmuşdu. Lakin belə bir "qüvvəyə" malik olan müxalifət elə həmin tarixlərdən başlayaraq, heç bir siyasi dəyişiklik yarada bilməməsi səbəbindən get-gedə ciddi eloktorat itkisi yaşamalı oldu. Bu itkinin yaranmasına bir tərəfdən heç bir siyasi uğurların əldə olunmaması səbəb olurdusa, digər tərəfdən, bu itki həm də siyasi müxalifətin daxili çəkişmələri nəticəsində daha geniş miqyası əhatə etdi. Nəticədə, radikal müxalifət qüvvələri son illərdə mitinq və aksiyalarında elektorat sarıdan ciddi şəkildə problem yaşamalı oldu. Bu isə, o deməkdir ki, əvvəllər on minlərə iddia edən, onları meydanlara çıxara biləcəklərini bəyan edən radikal müxalifətin çağırışları bu gün, ən yaxşı halda, 50-100 nəfər tərəfindən eşidilir.


Lider "keyfiyyəti" və hadisələrdən çıxdaş olmaq

Başqa tərəfdən, radikal müxalifət qüvvələrinin mövqelərini itirən, onların imkanlarını heç edən amillərdən biri də lider keyfiyyətsizliyindən əmələ gələn reallıqlardır. Bu gün mövcud müxalif liderlərin uğursuz gedişləri onların xərclənməsinə, qəbul olunmamasına və rədd edilməsinə səbəb olan faktor kimi qabarmaqdadır.

Radikal müxalifət düşərgəsinin dünənə qədər baş verən siyasi proseslərin mərkəzində dayanmalarına yardımçı olan ən mühüm faktorlardan biri də onların bəzi beynəlxalq təşkilatlarla olan əlaqələri idi. Artıq müxalifətin əvvəlki əlaqələri, demək olar ki, sıradan çıxarılıb. Radikal müxalifətin öndəgedənlərinin uğursuz və xəyanətkar siyasi manevrləri, son nəticədə, onların ətrafında yaranmış müəyyən "siyasi xarizmanın" darmadağın olunması ilə yanaşı, həm də xalq içində onlara olan etimadın bütövlükdə aradan qalxmasına səbəb oldu. Bununla da özlərini lider adlandıranlar hazırda bütün proseslərdən çıxdaş olmağa məhkumdurlar.


2013-cü ildə 100 nəfərlik elektorat hansı mərasimdə iştirak edəcək?

Belə bir qənaətə gəlmək olar ki, qarşıdan gələn 2013-cü il prezident seçkiləri öncəsi ölkənin siyasi mənzərəsinin necə olacağını təxmin etmək o qədər də çətin deyil. Yəni xalq öz seçimini artıq edib və 2003-cü ildə bir daha təsdiqlədi. Bunun qarşılığında isə müxalifət qüvvələri mövcud zəif durumları ilə heç bir uğur əldə edə bilməyəcəkləri haqda olan qənaətləri dəf etməyə çalışacaqlar. Lakin artıq inandırıcı deyil və çətin ki, bundan sonra radikal müxalifət düşərgəsinin liderləri hesab olunan Müsavat başqanı İsa Qəmbərlə AXCP (i) sədri Əli Kərimlinin "birləşməsi" belə (hərgah bunun baş verməsi ümumiyyətlə, mümkün deyil və olmayacaq), radikal müxalifət düşərgəsinin həm elektorat, həm də beynəlxalq əlaqə baxımından əvvəlki mövqelərini bərpa etməsinə yardımçı olsun. Çünki ümumilikdə müxalifətin parçalanmasına xidmət edənlərin başında da məhz hər ikisinin adları hallanır. Onların bir-birilərini həzm etməmələri isə yuxarıda qeyd edilən hadisələrin baş verməsinə səbəb olub. Görünür, onların 50-100 nəfərlik elektoratları hələ də bu reallığı görə bilmirlər. Yəqin ki, 2013-cü ili gözləmək və həmin il radikalizmin dəfn mərasimində iştirak etmək onlara da - 50-100 nəfərə də müyəssər olacaq. Bu məqamda ACP sədri Rəsul Quliyevin illərdən bəri etdiyi acı etirafını xatırlatmaq yerinə düşər: "Qocalmış müxalifət liderləri siyasi səhnədən getməyə məhkumdurlar". Əminəm ki, R.Quliyev özü də naftalin iyi verən nimdaş müxalifət liderlərilə birlikdə tarixin arxivinə gömüləcəkdir.

Digər xəbərlər