PDF Oxu

Sosial

  • 13

İdman ili uğurla davam etdirilir

İdman ili uğurla davam etdirilir

Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirib. Əl Oyunları Sarayında təşkil olunan tədbirdə Səbail rayon icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, ali və orta məktəblərin tələbə və şagirdləri, gənclər və idmançılar iştirak edib.

İlk olaraq, tədbirin rəsmi hissəsinə keçməzdən öncə sarayın foyesində şahmat və dama üzrə yarış keçirilib. Daha sonra Azərbaycan Dövlət Himninin səslənməsi ilə rəsmi hissə başlayıb. İdmançılar və Daxili Qoşunların xüsusi təyinatlı dəstəsi öz nümunəvi çıxışlarını təqdim ediblər.

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov rayonda idman sahəsində görülən işlərdən söz açıb. A.Əsgərov onu da vurğulayıb ki, bu gün ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb: "Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri İlham Əliyevin, digər sahələrdə olduğu kimi, idman sahəsində də böyük əzmlə həyata keçirdiyi siyasət bu gün öz bəhrəsini verməkdədir. Məhz dövlət başçısı tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması cəmiyyətin fiziki kamilləşməsinə istiqamətlənən bu siyasətin addım-addım hədəflənən məqsədə doğru getdiyini göstərir. Bu gün Azərbaycan idman ictimaiyyətinin qarşısında növbəti məqsəd durur - 2020-ci il olimpiya oyunlarını qəbul etmək. Azərbaycan inkişafına, gücünə arxalanaraq olimpiya oyunları kimi dünyanın ən nüfuzlu idman yarışını qəbul etmək iddiasını ortaya qoyub. Dünya, Avropa çempionatlarını, A kateqoriyalı beynəlxalq yarışları uğurla qəbul edən ölkəmiz idman sahəsində Avropanın mərkəzlərindən, iqtisadi inkişafa görə dünyanın lider dövlətlərindən biridir. Rəsmən namizədliyini irəli sürmüş Bakıda bir neçə möhtəşəm idman kompleksinin tikintisi planlaşdırılır. Həyata keçirilən və keçirilməsi nəzərdə tutulan nəhəng infrastruktur layihələri ölkəmizin olimpiya oyunlarını qəbul etmək iddiasını gücləndirir. Bu işlərin həyata keçirilməsində isə Səbail rayonunun gəncləri, idmançıları və ictimaiyyəti ölkə başçısının ən yaxın köməkçisi olacaqlar".

Tədbirdə idmanda fərqlənən bir qrup səbailli gəncə və idman məşqçisinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu. Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər