Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başlayıb. Həmsədrlərin budəfəki səfəri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında hər hansı bir irəliləyişin yaranmasına səbəb olacaqmı? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elman Nəsirliyə müraciət etdik. E.Nəsirli bildirdi ki, geridə qoyduğumuz 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirilsə belə, nəticədə, bunların müsbətə doğru heç bir əhəmiyyəti olmadı. Demək olar ki, bütün ümidlərimiz 2012-ci ilin yanvar ayında keçirilən Soçi görüşünə ünvanlanmışdır. Soçi görüşü "Xalq Diplomatiyası"nın önə çəkilməsi baxımından daha çox yadda qalan oldu. Bir sözlə, "Xalq Diplomatiyası"na ziyalılar və düşüncə sahibləri arasında olan təmaslara üstünlük verilməsi xətti müəyyən olundu. Bu günlərdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərləri başlayıb. Həmsədrlərin budəfəki səfərləri zamanı hər hansı bir yeni təkliflər ilə çıxış etməsi gözlənilmir. Dağlıq Qarabağ münaqişəsininin həll olunması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri 2009-cu ilin dekabr ayında irəli sürülən yeniləşmiş Madrid prinsipləri idi. Burada yeniləşmiş Madrid prinsiplərini Azərbaycan tərəfi qəbul etdi. Amma işğalçı ölkə olan Ermənistan öz qeyri-konstruktiv mövqeyindən çıxış edərək, sözügedən prinsipləri hələ də qəbul etməyib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona bu səfərindən sonra, ola bilsin ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Xarici işlər nazirlərinin görüşü çərçivəsində isə prezidentlərin növbəti danışıqları ilə bağlı məsələlər müzakirə oluna bilər. Bildiyiniz kimi, bu yaxınlarda Rusiyada prezident seçkiləri keçirildi. Keçirilən bu seçkilərdə prezident Vladimir Putin seçildi. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlarda Dmitri Medvedev yox, Vladimir Putin iştirak edəcək. Nəzərə alsaq ki, V.Putin güclü siyasətçidir və bu baxımdan da, hesab etmək olar ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona budəfəki səfərində V.Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlərinin keçirilməsi ilə bağlı müəyyən detalların müzakirə olunacağı istisna deyil. Yəni, bu məqamlar da danışıqlar prosesində əsas mərkəzi elementlərdən biri ola bilər.
GÜLYANƏ