Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşün yekununda Naxçıvan Bəyannaməsi imzalanıb. SİA-nın məlumatına görə, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi imzalayıblar. Bəyannamədə qeyd olunub ki, nazirlər önəmli regional və beynəlxalq məsələlərdə müzakirələri davam etdirməyi dəstəkləyirlər. Eyni zamanda tərəflər Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulayır. Sənəddə bildirilir ki, nazirlər üçtərəfli iqtisadi komitənin bu ilin may ayında Türkiyədə ticarət, sənaye və investisiya, iyunda Azərbaycanda nəqliyyat, sentyabrda İranda enerji, oktyabrda İranda Turizm və mədəniyyət alt komitələrinin toplantılarının keçirilməsini razılaşdırıblar. Toplantıların dəqiq tarixi görüşdən bir ay əvvəl müəyyənləşdiriləcək. Tərəflər Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirmə imkanlarının mövcud olduğunu bəyan ediblər və viza rejiminin sadələşdirilməsi məsələsini düşünəcəklər. Nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək.