Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası bəhanəsi ilə regionu su yoluna döndərən, Yerevanda adam yerinə belə qoyulmayan üç bisavad diplomat yenə elə bir yalan danışdı ki, istər-istəməz adamın "Bəsdir, bu qədər də yox!" deməyi, hətta bağırmağı gəlir. Bunların 1992-ci ildən bəri danışdıqları yalan-palanlar o qədər mənasız hala gəlib ki, indi torpaqlarını tələb edən azərbaycanlıların başının altına "diplomatik yastıq" qoymaq üçün ən ağlasığmaz və gülməli cümlələr işlətməyə qədər hər şeyə baş vururlar.
Öz ölkələri bir yana, heç öz ailələrində belə söz sahibi olmayan və yararsız diplomat kimi ATƏT kimi mənasız siyasi təşkilata atılan bu "üç muşkatyor" həmsədr ötən həftə münaqişə tərəflərinin sülh sazişinə olduqca yaxın olduqları barədə bəyanat verərək, sözün əsil mənasında, "ölü danışıqlar"ı canlandırmağa, ən əsası isə özlərinin bir qara qəpiyə dəyməyən siyasi mahiyyətlərini sığortalamağa çalışdılar. Kəsəsi, bu hazır yeyənlər Qrupu keçən həftə elə bir yalan uydurdular ki, sanki bunlar ölü vəziyyətdə olan danışıqlar prosesində nəsə yeni bir irəliləyiş qeydə alıblar və bunu özlərinin xidməti kimi hər kəsin gözünə soxmağa çalışdılar. Amma bu bəyanat daha çox torpaqları işğal olunmuş azərbaycanlıların başını növbəti dəfə aldatmağa, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesi üçün olduqca vacib qurum olduğunu sübut etməyə yönəlmişdi. Rusiya qarışıq bütün Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan vasitəçilik missiyasının və sülh danışıqlarının diplomatik məsxərə hədəfinə çevrilən ATƏT-in Minsk Qrupunun formatından kənara çıxmaması üçün əllərindən gələni edirlər. Sanki bütün dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində açıq şəkildə anti-Azərbaycan mövqeyində çıxış edir və bunu heç gizlətmir də. Qulağımızım dibindəki Rusiyadan başlamış uzaq Avropaya qədər hər kəs Dağlıq Qarabağ münaqişəsində real proseslərin canlanmaması üçün, danışıqların konkret mərhələyə keçilməməsi üçün, el dilində desək, məsələnin "ya o yanlıq, ya da bu yanlıq" həll olmaması üçün danışıqlar prosesini, çıxardığı qərarları bir qara qəpiyə dəyməyən ATƏT çərçivəsində saxlamağa çalışırlar. Məqsəd? İlk əvvəl azərbaycanlı nəsillərin yaddaşından Qarabağı silmək!
Bu məsələdə kifayət qədər incə və hiyləgər məqsədlər gizlənir.
Azərbaycan cəmiyyətində vətənpərvər hissin baş qaldırmaması üçün var qüvvəsi ilə çalışan qüvvələr istəyirlər ki, azərbaycanlı yeniyetmə və gənclərin diqqətini vətəninin torpağına sahib olmaq fikrindən yayındırsınlar və hazırkı yeniyetmə və gənc nəsil öz potensialını daha çox internet klublarda mənasız "işlərə" sərf etsin. Yəni ölkədə bu mənasız danışıqlardan bezərək, istənilən an vətən müharibəsinə hazır vəziyyətdə olan nəsillərin mövcudluğu faktoru aradan qalxsın. El dilində desək, sabah-biri gün Qarabağı xilas etmək üçün ayağa qalxa biləcək, bütün varlığı ilə vətənə bağlı olan bir nəfər də olsa gənc tapılmasın. Avropalı diplomatların münaqişəni həlli ilə bağlı aparılan danışıqları "ölü nöqtəyə" gətirməkdə məqsədlərinin əsas hissəsi də Azərbaycan cəmiyyətində Qarabağ və torpaq hissinin aradan qaldırılmasıdır. Onlar bu üzdəniraq diplomatiyaları ilə Ermənistana daha çox xidmət etmiş olurlar. Fakt budur və bundan sonra da bu üzdəniraq təşkilatdan nəsə gözləməyə dəyməz.