Son günlər "İctimai Palata"nın aprelin 8-də iğtişaşlarla müşayiət olunması nəzərdə tutulan mitinq keçirmək üçün "plan" hazırladığı barədə məlumatlar müxalifət mətbuatında dərc olunmaqdadır. Həmişə olduğu kimi, "qarışqadan fil düzəldən" müxalifət indi də aprelin 8-nə təyin etdiyi aksiyanın "möhtəşəm" olacağından ağız dolusu danışmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, artıq bunun üçün ilk olaraq əl-ayağa düşən Müsavat başqanı İ.Qəmbərov mitinqdə iştirak edəcək partiyalar üçün xarici qüvvələrdən vəsait də toplayıb. O, bu vəsaitləri paytaxtla yanaşı, bölgələrdə də mitinq və aksiyaların təşkil olunması üçün yığıldığını iddia edib. Maraqlıdır ki, iflası qaçılmaz olacaq mitinqdən sonra üzünə deyə biləcək şillədən sığortalanmaq üçün İ.Qəmbərov mitinq üçün ayrılan yerlə razılaşmadıqlarını da bildirib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov müxalifətin bir qisminin birləşdiyi "İctimai Palata"nın aprelin 8-də keçirməyi nəzərdə tutduğu mitinqə münasibətini bildirərkən kiminsə özünün istədiyi yerdə mitinq keçirmək istəməsini bəyan etməsini heç də qanuni məsələ olmadığını dilə gətirib: "Bildiyimiz kimi, bütün hüquqi dövlətlərdə kütləvi aksiyaların keçirilməsi üçün müvafiq qaydalar var. Orada bu aksiyaların keçirilmə proseduru və eyni zamanda, aksiyaların keçirilməsi üçün yerlər müəyyənləşdirilib. Azərbaycanda da kütləvi aksiyalar üçün yerlər ayrılıb və kiminsə özünün istədiyi yerdə mitinq keçirmək istəməsini bəyan etməsi heç də qanuni məsələ deyil. Ona görə də, hamı hamı qanun qarşısında bərabərdir".
Millət vəkili müxalifətin icazə verilməyən yerdə mitinq keçirmək istəyini, sadəcə, diqqəti özlərinə cəlb etmək kimi qiymətləndirib: "Çünki müxalifət heç bir proqramı, heç bir təklifi, heç bir konstruktiv addımı ilə cəmiyyətin diqqət mərkəzində ola, cəmiyyətin müzakirəsinə hər hansı bir məsələ verə bilmir. "İctimai Palata"nın mitinq keçirmək istəyinə və cəhdinə gəlincə, burada çox komik bir situasiya yaranır. Hakimiyyətə iddia edən təşkilatlar kütləvi aksiyalara 100 nəfərdən artıq adam çıxara bilmirlər. "İctimai Palata" irəli sürdüyü şüarlarla cəmiyyətin özlərinə cəlb edə bilmir. Nəinki cəlb edə bilmir, hətta üzvləri belə həmin siyasi qurumun aksiyasına qatılmır. Məsələn, martın 17-də müxalifətin keçirmək istədiyi icazəsiz aksiyalarda diqqətimi çəkən məqamlardan biri həmin aksiyalara həmin düşərgənin rəhbər şəxslərinin qatılmamaları oldu. Bu, ona bənzəyir ki, öz qoşununu döyüşə göndərən general döyüş meydanında yoxdur və onun harada nə ilə məşğul olması da aydın deyil"
"Azərbaycanda mövcud situasiyanı gərginləşdirmək heç bir zaman baş verə bilməz" fikrini söyləyən millət vəkili onu da bildirib ki, cəmiyyət bu gün özünün seçdiyi hakimiyyətlə yaşayır: "Çünki cəmiyyət bu gün müstəqilliyinin qorunması üçün aparılan addımlarda həmişə mövcud iqtidarla bir yerdədir. Dialoq məsələsinə gəldikdə, dialoq təkcə dəyirmi masa deyil, dialoq bir atmosferdir. Bu atmosfer isə Azərbaycanda var. Hər kəsin dediyi söz eşidilir, hər bir kəs istədiyi məsələni müzakirə etmək üçün istədiyi tribunadan, eyni zamanda, görüş formatından istifadə edə bilir.
R.HÜSEYNOVA